BAKI, 28 yanvar. TELEQRAF
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində həmkarı Van İ ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Respublikası Prezidentinin Çinə ötən ilin aprel ayında həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.
2027-ci il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunacağı məmnunluqla xatırlanıb.
Nazirlər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
Tərəflər, həmçinin, xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin post-münaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.
Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
15:36
Çinin xarici işlər naziri Van İ Pekində rəsmi səfərdə olan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramovun səfəri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının güclü dinamikasını, eləcə də siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq iradəni əks etdirir.
Nazirləri iki ölkə arasında genişmiqyaslı strateji tərəfdaşlığın cari vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər. Görüşdə yüksək səviyyəli siyasi dialoq və Xarici İşlər Nazirlikləri arasında müntəzəm əlaqələrin əhəmiyyəti vurğulanıb.
Müzakirələr çərçivəsində iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, nəqliyyat və əlaqələndirmə koridorları, enerji sahəsində əməkdaşlıq, eləcə də innovasiya və rəqəmsal inkişaf sahələrində birgə fəaliyyət məsələləri müzakirə olunub.
Tərəflər regional və beynəlxalq proseslər barədə də fikir mübadiləsi aparıblar və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini qeyd ediblər.
Hər iki nazir vurğulayıb ki, bu səfər ikitərəfli münasibətlərin möhkəmlənməsinə və müxtəlif sahələrdə praktik əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcək.