BAKI, 18 fevral. TELEQRAF

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayevin bir neçə gün əvvəl Hindistana səfəri diqqət çəkib. Qazaxıstanın keçmiş müdafiə naziri Yermekbayev ötən il ŞƏT-in baş katibi təyib olunub. O, bu vəzifədə 2027-ci ilə qədər fəaliyyət göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, baş katib Dehlidə Hindistan rəsmiləri ilə görüşlərində təşkilatın fəaliyyət istiqamətlərini, regional təhlükəsizlik, rəqəmsal texnoloji layihələr, ətraf mühit problemləri, enerji, nəqliyyat və kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə edib:

“Yermekbayevin Dehlidə verdiyi təkliflərindən biri üzv ölkələrdə müxtəlif sahələrlə bağlı sərgilərin keçirilməsidir.

ŞƏT-ə hazırda Çin sədrlik edir. Təşkilata üzv ölkələrin liderləri və xarici işlər nazirlərinin növbəti sammitinə hazırlıq gedir. Bu məsələ də Dehlidə müzakirə olunub. Baş katib təşkilatın səmərəliliyinin artırılması təkliflərini hindli rəsmilərlə müzakirə edib. Maraqlıdır ki, Nurlan Yermekbayev Dehlidə təşkilata üzv ölkələrin səfirləri ilə də görüşüb.

Yermekbayevin Dehlidə ŞƏT-ə yeni üzvlərin qəbulu məsələsinin müzakirəsi barədə xəbər yayılmasa da, bu mövzunun baş katibin diqqət mərkəzində olduğu aşkardır. Mümkündür ki, məsələ qapalı şəkildə müzakirə olunub. Çünki hansısa dövlət ŞƏT-ə üzv olmaq və ya müşahidəçi statusu qazanmaq istəyirsə, buna bütün üzvlərin razılığı lazımdır”.

Təhlildə vurğulanır ki, Qazaxıstan Azərbaycanın təşkilatla sıx əməkdaşlığını dəstəkləyir:

“Ötən il iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada təşkilatın zirvə toplantısı keçirilib. ŞƏT+ formatında keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak və çıxış edib. Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı statusundadır.

Azərbaycanla təşkilat arasında 2016-cı ildə əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycanın ŞƏT-ə üzv olan ölkələrin hər biri ilə ikitərəfli əsasda tərəfdaşlıq münasibətləri var. Bu səbəbdən Azərbaycanın bu təşkilata marağı əsaslıdır.

Digər yandan, Azərbaycan regional nəqliyyat layihələrinin əsas üzvüdür. ŞƏT ölkələri arasında isə əsas mövzulardan biri regional nəqliyyat layihələrinin reallaşdırılmasıdır. Azərbaycanın növbəti mərhələdə hədəfi ŞƏT-də müşahidəçi statusu almaqdır”.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda 9 ölkə bu təşkilatın üzvüdür. Üzv dövlətlərə Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan, İran və Özbəkistan daxildir. Əfqanıstan, Belarus və Monqolustan isə təşkilatda müşahidəçi statusundadır.