
BAKI, 19 fevral. TELEQRAF
Avropa İttifaqının (Aİ) müşahidə missiyasının demarkasiya olunmuş sərhəddə patrul xidməti aparmasına ehtiyac yoxdur.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasını şərh edərkən deyib.
“Keçən ilin sonunda Baş nazir Nikol Paşinyanla görüşüm oldu, bunu müzakirə etdik. Söhbət bizi sərhəddən çıxarmaqdan getmir, daha doğrusu, razılaşdırılmış, demarkasiya olunmuş və dəqiq işarələnmiş sərhəd bölgələrində birbaşa sərhədə getməyimizə ehtiyac yoxdur. Artıq sərhəd zonasında olmamağımız yaxşıdır, amma bu, o demək deyil ki, biz kəndlərə, təsərrüfatlara baş çəkməyə, sərhəd bölgələrində yaşayan insanlarla danışmaq üçün getməyəcəyik.
Ermənistan hökuməti və Azərbaycan tərəfi razılaşsa ki, biz artıq dəqiq demarkasiya olunmuş sərhəd bölgələrində birbaşa patrul xidmətinə getməməliyik, bununla bağlı heç bir problem görmürük”, - missiya rəhbəri bildirib.
Ritter sərhəddə vəziyyətin sakit olduğunu da qeyd edib:
“Patrulların görüb xəbər verdikləri odur ki, sərhəddə vəziyyət kifayət qədər sakitdir. Hazırda heç bir insident baş vermir, hər iki tərəf öz mövqelərini möhkəmləndirir”.
Ritter yaxın gələcəkdə missiyanın ölçüsü və strukturunda hər hansı dəyişiklikliyin olmayacağını söyləyib: “İkinci mandatda da bizim birinci mandat dövründə olan məsələ və vəzifəmiz olacaq”.
Missiya rəhbəri avropalı müşahidəçilərin sərhəd bölgələrindəki erməni məktəblərində apardıqları təbliğata da diqqət çəkib:
“Keçən ilin dekabr ayından etibarən sərhəd kəndlərindəki məktəblərə baş çəkərək oradakı uşaqlarla, şagirdlərlə söhbət edir, onlara kim olduğumuzu, nə işlə məşğul olduğumuzu, Avropa İttifaqının nə olduğunu və nəyi təmsil etdiyini izah edirik. Bu fəallığımızı artırmaq istəyirik”.
Ritter əlavə edib ki, Aİ missiyası gələcəkdə təkcə məktəblərdə yox, sərhəd bölgələrində yaşayan insanlar arasında da bu yöndə təbliğatlar aparmaq istəyir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin missiyanın şərti sərhəddən çıxarılması tələbinə cavab olaraq Paşinyan bəyan edib ki, İrəvan Bakıya Aİ müşahidəçilərinin sərhədin artıq demarkasiya olunmuş hissələrindən çıxarılmasını təklif edib.
Xatırladaq ki, Aİ yanvarın 29-da Ermənistandakı missiyasının daha iki il uzadılması barədə qərar verib. Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən Aİ missiyasının bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb.