BAKI, 17 may. TELEQRAF
"Son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb. 2028-ci ilə qədər bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir".
Teleqraf xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. O baxımdan bu istiqamətdə həyata keçirilən quruculuq işləri və iqtisadi islahatlar uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, eləcə də regionlararası balansın daha səmərəli formalaşmasına müsbət təsir göstərəcək.
O bildirib ki, əsas prioritet istiqamətlərdən biri investisiyaların innovativ sahələrə yönləndirilməsidir. Onun sözlərinə görə, bu gün kənd təsərrüfatı və sənaye sahələrində nano və biotexnologiyaların tətbiqi həmin sektorlarda gəlirliliyi 35-40 faizə qədər artıra bilər.
"Yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiyaların kənd təsərrüfatı və sənaye sektoruna tətbiqinin şahidi olacağıq”, - bildirib.
Milli koordinator əlavə edib ki, həyata keçirilən layihələrdən biri ildə 500 milyon kilovat-saat enerji istehsal edəcək. Eyni zamanda, "ACWA Power" şirkətinin icra etdiyi Xızı-Abşeron külək elektrik stansiyası layihəsi regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək.