Sərnişinlər Beynəlxalq Hava Limanına 1 manat 30 qəpiyə gedə bilər
Bakıda sərnişindaşıma ilə məşğul olan “BakuBus” MMC “28 May” metrosu ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında ekspress avtobuslarını xəttə buraxıb.
Bir qrup media nümayəndəsi xəttin ilk sərnişinləri qismində marşrutla tanış olub. Jurnalistləri yeni marşrut xətti ilə MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova tanış edib. Şirkət sözçüsü bildirib ki, ekspress avtobuslar 24 saat fəaliyyət göstərəcək: “Hava limanı və “28 May” metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub. Mənzil başına 30 dəqiqəyə çatmaq mümkün olacaq. Hələlik xəttə 5 avtobus plan buraxılıb. Marşrutla gediş haqqı bir istiqamətdə 1 manat 30 qəpik təşkil edir. Ödəniş ancaq kartla qəbul edilir”.
Qeyd edək ki, yeni avtobuslar “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalıdır. Avtobusda oturacaqların sayı 48-dir və ayaqüstə sərnişin daşınması nəzərdə tutulmayıb. Avtobusda internet, mini-mətbəx, ikili baqaj hissəsi və mini ayaqyolu var.
Yeni marşrutu digər şəhər nəqliyyatlarından fərqləndirən cəhətlərdən biri də odur ki, avtobusda yayda soyuducu, qışda istilik sistemi işləyəcək. Ödəniş kart sistemi ilədir. Avtobusda sərnişinlər üçün Wi-Fi xidməti də quraşdırılıb.
Nuridə Allahyarova avtobuslardan istifadə edəcək sərnişinlərin musiqi zövqünün də nəzərə alındığını vurğulayıb. Belə ki, bu yolda hərəkət edənlər mənzilbaşına çatanadək Azərbaycanın 1960-70-ci illərini əhatə edən estrada musiqisini dinləyə bilərlər. Şirkət sözçüsü deyib ki, musiqi toplusu şirkətin bir neçə əməkdaşının zövqü ilə hazırlanıb və disk şəklində marşrutun sürücüsünə təqdim olunub.
On səkkiz metrlik avtobuslar gəlir
Nuridə Allahyarova sözçüsü olduğu “Baku Bus” MMC-nin nəzərdə tutduğu digər yeniliklər barədə də məlumat verib. Onun sözlərinə görə, paytaxtda şəhərdaxili sərnişindaşımada iritutumlu, 18 metrlik (“qarmoşka”lı) avtobuslar xəttə buraxılacaq.
Nuridə Allahyarova 18 metrlik avtobusların şəhərdaxili sərnişindaşımada testdən keçirildiyini açıqlayıb: “Bu avtobusların payxatda şəhərin mərkəzində xətlərdə istifadəsi nəzərdə tutulub. Amma hələki test mərhələsindədir. İndidən hansı xətlərə buraxılacağını söyləmək tezdir. Sınaqdan keçirilən avtobus 170 nəfər tutur, uzunluğu 18 metrdir. Fransanın ən məşhur şirkətlərindən birinin istehsalıdır”.
Nuridə Allahyarova bildirib ki, hələlik sözügedən avtobusun Bakıya neçə ədəd gətiriləcəyi və nə vaxtdan xəttə buraxılacağı barədə məlumat yoxdur. O, vurğulayıb ki, bütün bunlar testin nəticələrindən sonra bəlli olacaq: “Həm yol, həm də sərnişin tutumu baxımından test üçün uyğun olan marşrutu seçmişik. Testin nəticələrinə uyğun addım atacağıq. Hissələri “qarmoşka” ilə ayrılan avtobusun şəhərdə hərəkətinin rahat olub-olmaması hələ məlum deyil”.
Döyülən sürücü əməliyyatda
Noyabrın 29-da “BakuBus”MMC-yə məxsus marşrut xəttində sürücü ilə sərnişin arasında baş verən qalmaqala da münasibət bildirən şirkət sözçüsü döyülən sürücünün əməliyyat olunacağını deyib. O, bildirib ki, “Baku Bus” şirkətində qoyulan əsas qaydalardan biri də sərnişinlərin dayanacaqdan kənarda saxlama xahişini, tələbini yerinə yetirməməsi ilə bağlıdır: “Bununla bağlı sürücülərə xüsusi tapşırıqlar verilir. Avtobusun daxilində baş verənlər isə kamera ilə izlənilir.
Noyabrın 29-da bizim şirkətə məxsus xətdə xoşagəlməz hadisə baş verib. Sərnişin sürücüdən dayanacaqdan kənarda saxalamağı istəyib və bu zaman sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Müdaxilə edən başqa bir sərnişin isə “Baku Bus”un sürücüsünə ağır bədən xəsarətləri yetirib. Həmin sürücü əməliyyat olunacaq. Sərnişin barəsində isə artıq hüquq-mühafizə orqanlarına müarciət olunub.
Hadisə ilə bağlı bizim şirkətin vermək istədiyi açıqlama odur ki, sürücülərin işinə müdaxilə qəza ilə nəticələnə və bütün sərnişinlərə təhlükə törədə bilər. Odur ki, sərnişinləri sürücü ilə münasibətdə diqqətli olmağa çağırırıq”.
Qeyd edək ki, “Baku Bus” Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında yaradılıb. Nəqliyyat daşınmalarının keyfiyyətinin artırılmasını prioritet seçən şirkətin avtobuslarından istifadə qaydaları mövcuddur. Bu avtobuslara sərnişinlərin girişi qabaq qapıdan tələb olunur. Gediş haqqı ödənişi yalnız “BakıKart” ictimai nəqliyyatının vahid kartlarının köməyi ilə həyata keçirilir.
Şirkətinin avtobusları yalnız müəyyən edilmiş dayanacaqlarda dayanır. Sərnişinlər və ictimai nəqliyyatın sürücüsünün təhlükəsizliyinin təmin olunması üçün “Baku Bus” şirkətinin avtobuslarında videonəzarət kameraları işləyir.
Naibə QURBANOVA