Avqustun 6-da Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclasında nazir Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunması, o cümlədən rektora töhmət verilməsi haqqında məlumat vermişdik.

Qeyd edək ki, professor Akif Süleymanov 2013-cü il mart ayının 13-də ATU-ya rektor təyin olunub.
Universitetin mətbuat xidmətinin rəhbəri Rasim Əliyevin Teleqraf.com-a verdiyi məlumata görə, iclasda rektor Akif Süleymanov çıxış edərək, son zamanlar univesitetin ətrafında cərəyan edən proseslər haqqında söz açıb. Bildirib ki, universitetdəki problemlərin çoxu 20-30 ildən qalmadır, son 2 ildə mövcud potensialla ali təhsil müəssisəsində müəyyən islahatlar aparlıb, təcrübə və karyera, xarici əlaqələr və elmi tədqiqat şöbələrini, informasiya mərkəzi yaradılıb. İmtahan proseslərində kompüter sistemini tətbiq etməklə şəffaflığa zəmin hazırlanıb, 20-ə yaxın xarici ölkənin 135 elm və ali təhsil müəssisəsi ilə əlaqələr yaradaraq mübadilə proqramlarına qoşulub.

Rektor bildirib ki, universitet 2 ildə 3 beynəlxalq konfransa ev sahibliyi edib, bütün bunlara baxmayaraq müəyyən nöqsanlar hələ də qalmaqda davam edir: “Bütün bu problemləri aşkar etmək və aradan qaldırmaqda rəhbərliyin dəstəyinə ehtiyacımız vardı. Biz Təhsil Nazirliyinin hərtərəfli dəstəyinə görə təşəkkür edirik. Düşünürük ki, bu dəstək bizə problemlərin həllində daha inamlı addımlar atmağa imkan verəcək. Bundan sonra da əsas inkişaf platformamız Müştəriyə Yönəlmə Proqramı olacaq".

Qarşıda duran vəzifələr, nöqsanların aradan qaldırılması istiqamətində atılacaq addımlardan danışan rektor qeyd edib ki, təhsil cəbhə qədər vacib sahə olduğundan burdakı səhv məğlubiyyətə bərabər ola bilər. Bu isə islahatların labüd olduğunu bir daha ortaya qoyur.

SEVİL