BAKI, 27 iyul. TELEQRAF

“Rusiya-Ukrayna və ABŞ-İran müharibələri davam etdikcə, Xəzər dənizi də müharibə zonası sayılacaq”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya və İranın Xəzər dənizini müharibə zonasına çevirdiklərini bildirib:

“Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, Xəzər dənizində gəmilərə qarşı hücumlar yolverilməzdir: “Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir”.

Təəssüf ki, reallıq fərqlidir, Xəzər dövlətləri olan Azərbaycan, Qazaxıstan və Türkmənistanın istəyindən asılı olmayaraq, Rusiya-Ukrayna və ABŞ-İran müharibələri davam etdikcə, bura da müharibə zonası sayılacaq. Çünki sahil dövlətlərinin illər öncə Xəzərlə bağlı əldə etdikləri razılaşmanın ziddinə olaraq olaraq Rusiya dəniz hövzəsindən hərbi məqsədlər üçün istifadə edib, buradan raket zərbələri həyata keçirib, İrana hərbi yüklər daşıyıb. İran isə Rusiyaya Ukrayna müharibəsində istifadə etdiyi dronları dəniz vasitəsilə göndərib”.

Xatırladaq ki, Ukrayna Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığını bildirdiyi İran hərbi gəmisini vurub. Tehran bundan sonra bəyan edib ki, hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski İranın mümkün addımlarına hazır olduqlarını açıqlayıb.