BAKI, 27 iyul. TELEQRAF
Son günlər sosial şəbəkələrdə Xocalı rayonunun Meşəli kəndindən məcburi köçkün düşmüş Vəliyev Rasim Papoy oğlunun qardaşı Məzahir Vəliyev tərəfindən Xocalı rayonunun Badara kəndində ailənin 3 otaqlı mənzil əvəzinə 1 otaqlı mənzillə təmin olunması barədə iddialar yayılıb.
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Teleqraf -a bildirib ki, aparılmış araşdırma zamanı həmin iddiaların əsassız olduğu müəyyən edilib.
Araşdırma nəticəsində məlum olub ki, Vəliyev Rasim Papoy oğlu və ailə üzvləri əvvəllər Goranboy rayonunda yaşayış sahəsi ilə təmin olunublar. Daha sonra Böyük Qayıdış Proqramı çərçivəsində ailənin beş nəfərdən ibarət olması nəzərə alınaraq onlar Xocalı rayonunun Badara kəndində normativ tələblərə uyğun 3 otaqlı mənzillə təmin ediliblər.
Məsələ ilə bağlı Dövlət Komitəsinin əməkdaşları tərəfindən sözügedən mənzilə yerində baxış keçirilib. Baxış zamanı mənzilin 3 otaqdan ibarət olduğu və sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub.
Dövlət Komitəsi bir daha vurğulayır ki, Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşların yaşayış sahələri ailə tərkibi və qüvvədə olan normativ tələblər əsasında müəyyən edilir.
Komitə media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini bu kimi məsələlərlə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməyə çağırır.