BAKI, 4 sentyabr. TELEQRAF

Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika Kürdəmir xanımın Krımda çıxan “Nenkecan” dərgisinə verdiyi müsahibəni dilimizə uyğunlaşdıraraq təqdim etmişdim. Həmin müsahibədə Şahika xanım baba yurdu Azərbaycana səfər etməsindən, buradakı qohumları ilə görüşməsindən danışmışdı. Ankarada çıxan “Azerbaycan” dərgisinin arxivinə göz yetirərkən Şahika xanımın bu səfərlə bağlı təəssüratlarını yazdığını gördüm. Tariximiz üçün maraqlı olduğuna görə Şahika xanımın səfər təəssüratlarını da dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***
28 May 1918 Azərbaycan İstiqlal Bayramının 87-ci ildönümü təəssüratları

Vəkil Şahika Kürdəmir

(Nəsib bəy Yusifbəylinin nəvəsi)

27 may 2005-ci ildə babam Nəsib bəy Yusifbəyli və atam Niyazi Kürdəmirin vətəni olan Azərbaycanda 28 May 1918-ci il Azərbaycan İstiqlal Bayramının 87-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycan Kültür Dərnəyinin Qadın Qollarının sədri hörmətli Nəsrin Ünalın rəhbərliyi altında, hörmətli Xanım Xəlilovanın da iştirakı ilə doqquz nəfərdən ibarət nümayəndə heyəti ilə Ankaradan yola düşdük.

Səfərimizin əsas dayanacağı olan Bakıya günorta saatlarında çox isti havada çatdıq. Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və mətbuat nümayəndələri tərəfindən çox səmimi şəkildə qarşılandıqdan sonra hotelimizə yerləşdik.

Hava limanında və hoteldə verilən müsahibələr vasitəsilə hər birimizin Azərbaycanla olan bağları bir çox dairələr tərəfindən öyrənilmiş oldu. Babamın həmişə danışdığı kimi uca ağacların sərinliyində təbii nemətlərdən hazırlanmış şam yeməyini yedikdən sonra günü Xəzərin sahilində gəzərək başa çatdırdıq.

28 May Bayramı tədbirlərindən və ardınca Bakıda qadın təşkilatları ilə keçirdiyimiz intensiv proqramdan sonra 31 may – 2 iyun 2005-ci il tarixlərində atamın və babamın doğulduğu Gəncəyə gəldik. Demək olar ki, qrupdakı hər kəsin Gəncə ilə bir bağlılığı var idi. Səfərimiz uzun çəkdi.

Gəncəyə çatdığımız zaman bizi atamın bibisi və Nəsib bəy Yusifbəylinin bacısının üçüncü nəsil nəvəsi Rafət bəy qarşıladı. Əvvəlcə Gəncə Jurnalistlər Birliyində bir görüş keçirdik. Daha sonra Rafət bəy Nəsib bəy Yusifbəylinin doğulduğu və yaşadığı, hazırda muzey kimi qorunan Azərbaycan Respublikası, Gəncə şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi, 21, AZ-2000 ünvanındakı (atamın da doğulduğu və beş yaşına qədər yaşadığı) evdə Azərbaycan mətbəxinin bütün özünəməxsus yeməklərindən ibarət şam yeməyi təşkil etdi.

Ata evində ilk dəfə qonaq qəbul edilməyim mənim üçün kədərli anlarla dolu idi. Təbii ki, ətrafımdakı insanlar da bundan təsirləndilər. Atamın yemək yediyi masa, bufet, hətta yemək süfrəsinin örtüyünün belə istifadə edildiyi bir mühitdə başqa necə ola bilərdim ki?!

Xüsusilə evin bağçası atamın yaddaşında dərin izlər buraxmışdı. Çünki bu bağça vəfatına qədər birlikdə keçirdiyimiz on bir il ərzində həmişə danışdığı yerlərdən biri idi. Mən isə indi güllərlə örtülmüş bu bağçada gəzirdim. Bu, daha əvvəl xəyalımdan da keçməzdi.

Atamın doğulduğu otaq, demək olar ki, olduğu kimi qalmışdı. Tavandakı lampanın düz yüz əlli yaşı olduğu deyildi. İsmayıl bəy Qaspıralının qızı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olan nənəm Şəfiqə Qaspıralı Türkiyəyə köçərkən bu lampanın heç vaxt sönməməsini istəyibmiş. Həmin gecə hörmətli Nəsrin Ünalın qohumlarına məxsus, Gəncə çayının sahilində yerləşən malikanə tipli evə yerləşdik və çayın səsini dinləyərək bu gözəl və mənalı günümüzü başa vurduq.

Paytaxt Bakı gözəl şəhərdir, lakin Gəncə mənim üçün tamamilə başqa bir məna daşıdığından bənzərsiz bir şəhərdir. İnsanları və təbiəti ilə məni sanki qucaqlayıb özünə bağladı.

Qohumlarımı bir daha ziyarət etdikdən sonra 2 iyun 2005-ci il səhəri Gəncədən ayrıldıq. Qayıdış yolunda babam Nəsib bəy Yusifbəylinin nənəm Şəfiqə xanıma göndərdiyi və sağ olduğunu bildirdiyi son yer olan Kür çayının sahilində dayandıq.

Kür çayının babamın son dayanacağı olduğunu bilmək çox kədərli və ürək ağrıdıcı idi. Nənəmin atam və bibimlə birlikdə 1921-ci ildə Türkiyəyə yük vaqonunda qaçmasından sonra atamın soyadı olaraq götürdüyü Kürdəmir adı da buradan gəlirdi. Bu yaşa qədər həmişə dinlədiyim bir hadisəni indi sanki özüm yaşayırdım. Bu vəsilə ilə onların hamısının ruhlarının şad olmasını diləyirəm.

3 iyun 2005-ci il tarixində Azərbaycan Televiziyasına hörmətli Nesrin Ünal, hörmətli Ayhan Doğru və Fatma Aktaş ilə birlikdə müsahibə verməyə getdik. Həmin gün Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bəyi otağında ziyarətimiz zamanı ulu babam İsmayıl bəy Qaspıralının heç bir yerdə dərc olunmamış bir şəklini göstərməsi mənim üçün çox mənalı idi. Həmin axşam Qadın Qollarındakı bütün xanımların “Şuşa” restoranında verdiyi yerli yeməklərdən ibarət vida ziyafəti də unudulmazdı.

Səfərin hər mərhələsində babalarımın izlərini görmək məni duyğulandırır və qürurlandırırdı. Həmin gün Qadın məsələlərinə məsul dövlət nazirinə etdiyimiz ziyarətlə Azərbaycandakı tədbirlərimizi başa çatdırdıq.

4 iyun 2005-ci ildə Türkiyəyə qayıtdıq.

Yazımı bitirərkən qeyd etməliyəm ki, bu səfər babam Nəsib bəy Yusifbəylinin apardığı mübarizələrin sonsuza qədər yaşayacağına dair inamımı bir daha gücləndirdi. Həmçinin dəyərli nümayəndə heyətinin üzvləri ilə birlikdə etdiyim bu səfərin həyatım boyu unuda bilməyəcəyim bir xatirə olduğunu qeyd etməliyəm.

“Azerbaycan”, may–iyun 2005, № 36–37