BAKI, 5 avqust. TELEQRAF
“Ermənistanın hazırkı hakimiyyətinin “real Ermənistan” konsepsiyasını əsas yanaşma kimi qəbul etməsini müsbət qiymətləndiririk. Bu konsepsiyanın ölkə Konstitusiyasında da öz əksini tapacağını gözləyirik”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində deyib.
“Seçkilər başa çatdıqdan sonra Ermənistanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Onlar yeni Konstitusiyanın qəbul ediləcəyi ilə bağlı bəyanatlar veriblər. Yeni Konstitusiya qəbul edildikdən sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq. Məqsədimiz Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sülh proseslərini paralel şəkildə irəlilədərək nəticəyə çatdırmaqdır.
Sülh prosesində artıq qarşımızda ciddi maneə görmürük. Ermənistan tərəfinin də yeni geosiyasi reallığı qəbul edərək yeni siyasət yürütməsinin fərqindəyik. Onlar da reallıqları anlayıb və işğal siyasətinin əslində illər boyu özlərini əsir vəziyyətində saxladığını qəbul ediblər. Bunun yanlış olduğunu da dərk ediblər. Ermənistan öz inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin nə qədər vacib olduğunu qəbul edib”, - Azərbaycan rəsmisi vurğulayıb.