BAKI, 5 avqust. TELEQRAF
“Nauru Respublikasının qondarma Abxaziya və Cənubi Osetiya respublikaları ilə diplomatik münasibətləri dayandırmaq qərarı beynəlxalq hüquq normalarına hörmətin sağlam beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bir daha təsdiqləyir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir hökumətin iclasında çıxışı zamanı xarici işlər naziri Maka Boçorişviliyə və bu istiqamətdə çalışan bütün diplomatlara təşəkkür edib.
“İyulun 21-də Nauru Respublikası hökuməti qondarma Abxaziya və Cənubi Osetiya respublikaları ilə diplomatik münasibətlərin dayandırılması barədə qərar qəbul edib. Bu qərar bir daha göstərir ki, beynəlxalq hüquq normalarına hörmət və onların qorunması sağlam beynəlxalq münasibətlərin təməlidir.
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibətlər qurmağa və əməkdaşlığın dərinləşdirilməsinə hazırdır. Uğurlu tanınmama siyasətinin həyata keçirilməsi istiqamətində çalışan xarici işlər naziri Maka Boçorişviliyə və bütün diplomatlara təşəkkürümü bildirirəm”, - Kobaxidze vurğulayıb.