BAKI, 24 iyul. TELEQRAF
Azərbaycan İdman Akademiyasının (AİA) futzal komandası İtaliyada keçirilən Avropa Universitet Oyunlarında böyük uğura imza ataraq final mərhələsinə yüksəlib.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 15-25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada ölkəmiz stolüstü tennis və futzal növlərində təmsil olunur. Futzal turnirində Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün qalibi olan AİA komandası çıxış edir.
Komandamız turnirin yarımfinal mərhələsində İspaniya komandası ilə əsas vaxtı 3:3 hesabla başa çatan qarşılaşmada penaltilər seriyasında qalib gələrək yarışın finalına vəsiqə qazanıb.
Qeyd edək ki, tələbələrimizin turnirdə iştirakı Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, həmçinin AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib.