BAKI, 25 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları Hirkan Milli Parkında “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda praktiki təlim keçirib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının məsul əməkdaşları və yerli sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, istirahət edən şəxslərin, həmçinin yaxınlıqda yaşayan sakinlərin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbir zamanı cəlb olunan qurumların əməkdaşlarının iştirakı ilə meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib.