BAKI, 26 iyun. TELEQRAF
Azərbaycan Cümhuriyyətinin işğalından sonra Türkiyə, Qacar, Polşa ordularında xidmət etmiş zabitlərimizin bəziləri dönəmin hadisələri haqqında bir sıra məqalələr yazıblar. Vəli bəy Yadigar, polkovnik İsrafil bəy, Cahangir bəy Kazımbəyli kimi unudulmaz qəhrəmanlar xatirələri ilə gələcək tarixçilər üçün mənbə yaradıblar. Dövrün xatirələrindən biri də Berlində çıxmış “Qurtuluş” jurnalında “Keçmiş günlərin tarixi” başlığı altında silsilə məqalələr yazan Yavər Şəkili adlı müəllifin memuarıdır.
Şübhəsiz ki, hər bir xatirədə subyektivlik mövcuddur, amma mühüm tarixi məlumatları özündə ehtiva etdiyi üçün olduqca önəmlidir. Xatirələrin müəllifinin kim olduğunu tapa bilmədik. Azərbaycan zabitlərinin siyahısının olduğu mənbələrdə də bu ada rast gəlmədik. Ola bilsin ki, müəllif öz həqiqi kimliyini gizlətmək istəyib və ya “yavər” kəlməsi burada onun vəzifəsini göstərib.
Yavər Şəkili bu xatirələrini rus işğalına qarşı 1920-ci illərdə başlamış üsyanların 18-ci ildönümü münasibətilə qələmə alıb. İlk cümlələrindən görünür ki, o, öz xatirələrindən əvvəl çıxan bir sıra məqalələri oxuduğu üçün tarixə xidmət baxımından memuarını qələmə alıb.
1938-ci ildə işıq üzü görən bu xatirələr həm Azərbaycandakı üsyanları, həm də ordumuzun Türkiyə silahlı qüvvətlərinə qoşulması prosesini özündə ehtiva edir.
Azərbaycan ordusunun yaranmasının 108-ci ildönümü münasibətilə həmin xatirələri silsilə şəklində təqdim edirik.
***
Birinci hissə
Azərbaycanın hansı şəraitdə rus-bolşevik işğalına məruz qaldığını, demək olar ki, bilməyən yoxdur. Bu faciədə Azərbaycanda olan türk mühacirlərin oynadıqları mənfi rol barədə artıq Türkiyə mətbuatı da yazmaqdadır. Keçən il Mühiddin Birgenin “Son Posta” qəzetində dərc olunan və Qafqaz mühacirət mətbuatında dərin maraq doğuran qiymətli məqalələri bu qəbildəndir.
Mühiddin Birgen məqalələrinin Azərbaycana aid hissəsində yalnız Azərbaycanın müqəddəratı ilə səmimi surətdə maraqlanmaqla kifayətlənmir, eyni zamanda türk mühacir və qeyri-mühacirlərin bu qanlı işğalda oynadıqları alət rolunu da bitərəf surətdə təsvir edir.
Fəqət Azərbaycanı 1920-ci ildə bolşevik xəncərinə təslim edən Xəlil paşalar bununla Türkiyə ilə Milli Azərbaycan arasındakı münasibət və əlaqələri də qırmağa müvəffəq oldularmı?
Xeyr!
Xüsusilə hərbi-siyasi mahiyyət daşıyan bəzi hadisələr Milli Azərbaycan hökumətinin devrilməsindən sonra da davam etmişdir.
Aşağıda həmin hadisələrdən bəhs ediləcəkdir.
11-ci qırmızı ordu Xəlil paşanın ətrafındakı türk zabitlərin xəyanəti sayəsində Bakıya girdiyi zaman Azərbaycanın təşkilatlanma baxımından hələ tam formalaşmamış gənc ordusu Qarabağda toplanmış və döyüş əməliyyatları ilə məşğul idi.
İşğal xəbəri məmləkətin müxtəlif yerlərində və Bakıdan uzaqda yerləşən ordu hissələrini hərəkətə gətirmiş, işğaldan təxminən bir ay sonra həm Azərbaycan ordusunun hissələri, həm də geniş xalq kütləsi qanlı üsyanlara başlamışdı.
Bu üsyanların tarixi qismən yazılmışdır (“Qurtuluş” məcmuəsinin 7–8-ci saylarında “Gəncə üsyanının 15-ci ildönümü”, 9-cu sayında “Otuz ikilərin dastanı”, “Kafkasya dağlıları” məcmuəsinin 41-ci nömrəsində (rus dilində) “Azərbaycanda 1920-ci ilin mayı”). Bu üsyanların tam tarixi, ümumiyyətlə, Azərbaycanın hərb tarixi isə hələ də öz müəllifini gözləyir. Bu sətirləri yazanın məqsədi həmin üsyanlar və onların nəticələri haqqında indiyədək deyilənlərə yalnız bir neçə qeyd əlavə etməkdir.
Həm həqiqətin üzə çıxarılması, həm də Azərbaycanın gələcək tarixçilərinə doğru nəticəyə gəlməyi asanlaşdırmaq məqsədilə zəruri hesab etdiyimiz bir düzəlişlə söhbətə başlayırıq.
Qırmızı rus işğalçılarına qarşı ilk üsyan 21 may 1920-ci ildə Tərtərdə baş vermişdir. Bu üsyan “Azərbaycanda 1920-ci ilin mayı” məqaləsində təsvir olunmuşdur.
İkinci üsyan Gəncədə baş vermişdir. Fəqət həm yuxarıda adı çəkilən məqalədə, həm də “Qurtuluş” məcmuəsində Gəncə üsyanının başlanğıc tarixi 22 may kimi göstərilmişdir. Bu isə doğru deyildir.
Bu sətirləri yazanla “Azərbaycanda 1920-ci ilin mayı” məqaləsinin müəllifi çox yaxşı xatırlayırlar ki, Tərtər üsyanından bir neçə gün sonra Üçüncü Süvari Şəki alayının Tərtərdə yerləşən qərargahına məzuniyyətini Gəncədə keçirən alay zabiti B. V. gəlmişdi. O bildirirdi ki, Tərtər üsyanının başlanması və 282-ci rus alayının məhv edilməsi xəbəri Gəncəyə çatmış, bu xəbər hərbi hissələr və əhali arasında böyük ruh yüksəkliyi yaratmışdır.
Həmin zabit Gəncədə də üsyana hazırlıq görüldüyünü, üsyanın isə 28 may — İstiqlal bayramı günü başlanmasının qərara alındığını söyləmiş və bu barədə Şəki alayının komandirinə raport təqdim etmişdi.
Tərtər üsyanı da əslində 28 mayda başlanmalı idi. Onun tam bir həftə əvvəl baş verməsinə səbəb qırmızı rus işğalçılarının həyasız hərəkətləri nəticəsində ordunun və xalqın səbir kasasının dolması olmuşdur. Məhz buna görə də bu iki üsyan arasında vahid cəbhə yaratmaq mümkün olmamışdır. (Gəncə ilə Tərtər arasındakı məsafə 70–75 kilometrdir).
Qırmızı ordu komandanlığının Gəncədə hazırlanan üsyan haqqında əvvəlcədən məlumatı vardımı?
Zənn etmirəm. Çünki belə olsaydı, Azərbaycan hissələri ilə birləşmək üçün Üçüncü Şəki alayına 26 mayda Gəncəyə hərəkət əmri verilməzdi. Əgər Gəncə üsyanı, həqiqətən də, 22 mayda başlamış olsaydı, belə bir əmrin verilməsi mümkün olmazdı.
Üçüncü Süvari Şəki alayı üsyana vaxtında yetişərək milli üsyançılara yardım göstərəcəyi ümidi ilə 27 mayda verilmiş əmrə əsasən Gəncəyə doğru hərəkət etdi. Əgər alay bir gün ərzində Tərtərlə Gəncə arasındakı yolun heç olmasa yarısını qət edə bilsəydi, Gəncə üsyanına yardım mütləq təmin olunacaqdı.
Təəssüf ki, həddindən artıq daşmış Tərtər çayı keçidi o qədər çətinləşdirmişdi ki, alay yüklərini yalnız axşama doğru çayın o biri sahilinə keçirə bildi. Bundan sonra sahildən təxminən bir kilometr uzaqlaşmışkən dayanmaq əmri aldı.
Alay yerində qaldı. Əsgərləri dərin həyəcan bürümüşdü. Çünki həmin axşam Gəncədə üsyanın başlanacağını hər kəs bilirdi.
“Dayan!” əmrindən az sonra Tərtərə qayıtmaq əmri verildi. Halbuki Tərtərdə bir rus diviziyası yerləşirdi. 21 may üsyanından sonra altı gündür əsarətində olduğu rus diviziyasının hiyləsini duyan alay Tərtərə dönməyə qərar verdi. Alay komandiri qırmızı hissələrin komandirinə qaranlıqda coşqun çayı keçməyin mümkün olmadığını bildirdi.
Bir və ya bir saat yarım sonra Yevlağa doğru hərəkət əmri verildi. Alay bu yeni istiqamətdə yola çıxarkən artıq axşam düşmək üzrə idi.
Qırmızı ordu komandanlığının bütün bu hərəkətləri göstərir ki, 27 may səhəri onların Gəncə üsyanı haqqında məlumatı yox idi. Lakin axşama doğru 11-ci qırmızı ordu qərargahı yaxınlaşan təhlükəni hiss etməyə başlamış, alayın Gəncəyə çatmasının qarşısını almaq məqsədilə Tərtər qarnizonuna müvafiq göstəriş vermişdi.
28 may axşamüstü Bərdəyə çatan və gecələmək üçün burada qalan alay Yevlaxdan yük avtomobili ilə gələn qırmızı əsgərlərin gətirdikləri bu xəbəri eşitdi: “Gəncədə üsyan baş vermiş, bizimkilərin (rusların) hamısını qırmışlar...”
Əgər Gəncə üsyanı həqiqətən də altı gün əvvəl başlamış olsaydı, 28 may axşamı nə Bərdə qarnizonu, nə də Bərdə əhalisi bu xəbəri gözlənilməz bir xəbər kimi qarşılamazdı.
Oxucu “Azərbaycanda 1920-ci ilin mayı” məqaləsində də Gəncə üsyanının 22 mayda başladığının göstərildiyini bilir. Bu yanlışdır. Çox güman ki, həmin yanlışlıq məcmuənin redaksiyası tərəfindən edilmişdir.
Buna görə də Azərbaycanın gələcək tarixçiləri Gəncə üsyanının başlandığı günü 22 may deyil, 28 may kimi qəbul etməli, sonrakı tarixləri də altı gün irəli çəkməlidirlər. Yəni 23-ü 29, 24-ü 30, 25-i 31 və s. Etməlidir. O zaman həqiqət ortaya çıxmış olar.
Burada diqqəti cəlb edən daha bir mühüm məqam da vardır. Gəncə üsyanının davam etdiyi günlərdə (28 may – 6 iyun) Şəki alayının qalıqları 30 maydan 10 iyuna qədər əvvəlcə partizanlarla birlikdə, daha sonra isə Qarabağdan gələn alaylarla çiyin-çiyinə Tərtər–Bərdə cəbhəsində düşmənin üstün qüvvələrinə qarşı on iki gün ərzində müvəffəqiyyətlə vuruşmuşdur.
Beləliklə, üsyanın vahid cəbhəsi meydana gəlmiş, Gəncədə olduğu kimi Tərtər–Bərdə cəbhəsində də millət və ordu vətəndə son dəfə qeyd edilən İstiqlal Gününü qanlı döyüşlər içərisində layiqincə qeyd etmişdir.
5 iyun 1920-ci ildə Üçüncü Süvari Şəki alayının qalıqları Bərdə ətrafında partizanların tərk etdiyi cəbhədən ayrılaraq general D. Yedigarın komandanlığı altında Qarabağdan gələn qüvvələrə doğru hərəkətə başladı.
General D. Yedigarın komandanlıq etdiyi qüvvələr birinci süvari Tatar alayından, üç piyada alayından və artilleriya hissələrindən ibarət idi.
6 iyun gecəsini Ləmbəran kəndində keçirən Şəki alayının qalıqları irəliləyərək həmin gün əsas qüvvələrə qoşuldular.
7 iyun tarixində general D. Yedigarın komandanlıq etdiyi qüvvələr Tərtər–Bərdə istiqamətində yürüşü davam etdirdilər. Birinci süvari alayı (Tatar alayı) Azərbaycan ordusunun sol cinahında hərəkət edərək qırmızı rus qüvvələrinin nəzarətində olan Tərtərə qarşı döyüşməli idi. Piyada hissələri isə cəbhənin mərkəz və sağ cinahını tutacaqdılar.
Tərtər qəsəbəsi Tərtər çayının sağ sahilində yerləşirdi. Düşmənin əsas mövqeləri isə qəsəbə istisna olmaqla çayın sol sahilində idi.
8 iyun tarixində hərbi hissələr düşmənlə təmasa girərək döyüşə başladılar.
9 iyunda döyüş bütün cəbhə boyunca davam etdi. Birinci süvari alayının mövqeyində üstünlüyün bizim tərəfdə olduğu artıq aydın görünürdü. Süvarilərimiz düşmənin üstün qüvvələrinin hücumlarını nəinki müvəffəqiyyətlə dəf edir, hətta iki dəfə əks-hücuma keçərək təşəbbüsü də öz əllərində saxlayırdılar.
10 iyunda alay gecə yarısına qədər eyni müvəffəqiyyətlə döyüşü davam etdirdi. Lakin bundan sonra sürətlə Ağdama çəkilmək məcburiyyətində qaldı. Səbəb isə piyada hissələrinin hələ səhər tezdən cəbhəni tərk etməsi idi. Beləliklə, düşmən süvarilərimizin arxasına keçmək imkanı əldə etmişdi.
Gələcək tarix, şübhəsiz, belə bir sual verəcəkdir:
Tərtər–Bərdə üsyanının üçüncü mərhələsində (birinci Tərtərdə 21 may üsyanı, ikinci Şəki alayının qalıqlarının Bərdədəki üsyanı və partizanlarla birlikdə döyüşləri) — yəni 8, 9 və 10 iyunda aparılan müntəzəm hərbi əməliyyatlar zamanı — piyada hissələrinin bu qədər tez dağılmasının səbəbi nə idi?
Halbuki istər Gəncə üsyanı günlərində, istərsə də Tərtər–Bərdə cəbhəsində azərbaycanlılar o vaxta qədər nisbətən az, hətta əhəmiyyətsiz qüvvələrlə əməliyyat apararaq mühüm hərbi uğurlar qazanmışdılar.
Bu uğurların mənəvi əhəmiyyəti ondan ibarət idi ki, ruslar, heç olmasa müvəqqəti də olsa, Bərdəni boşaltmağa və Yevlağa çəkilməyə məcbur qalırdılar.
Əgər Bərdə üsyançıları qərargahının sərəncamında bir diviziya və ya heç olmasa bir süvari briqadası, yaxud alayı mövcud olsaydı, partizan üsulu ilə aparılan bu əməliyyatlar sayəsində üsyanı bütün Azərbaycana yaymaq və 11-ci qırmızı ordunu ölkədən tamamilə qovmaq mümkün olardı. Çünki həmin üsyanlardan sonra qırmızı ordunun mənəvi qüvvəsi son dərəcə zəifləmişdi.
Bütün bunlara rəğmən, yenə də qırmızılar qalib gəldi.
Niyə?
(Davamı olacaq)
Qeyd: Yavər Şəkilinin qeyd etdiyi D.Yedigar adlı zabit 1881-ci ildə Borçalı qəzasının Təkəli kəndində anadan olan general-mayor Davud bəy Yadigarovdur. Atamalı Şahbazovun yazdığına görə, Davud bəy 15 dekabr 1918-ci il tarixdə “polkovnik” hərbi rütbəsində Cümhuriyyət ordusunda həqiqi hərbi xidmətə qəbul edilib və Hərbi nazirin 18 dekabr 1918-ci il tarixli 22 №-li əmri ilə Hərbi Nazirin yanında tapşırıqlar üzrə qərargah zabiti vəzifəsinə təyin edilib.
Hərbi nazirin 18 dekabr 1918-ci il tarixli 24 №-li əmri ilə isə Süvari diviziyasının 2-ci Qarabağ süvari alayının komandiri vəzifəsinə təyin edilib. Hərbi xidmətdə fərqləndiyinə görə Nazirlər Şurası Sədrinin 08 oktyabr 1919-cu il 39 №-li və Hərbi nazirin 23 oktyabr 1919-cu il tarixli 492 №-li əmri ilə “general-mayor” hərbi rütbəsinə layiq görülüb. 01 mart 1920-ci il tarixdə Hərbi Nazirlikdə təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Hərbi nazirin 02 mart 1920-ci il tarixli 128 №-li əmri ilə yuxarı vəzifəyə Ordu Qərargahında Ezamiyyətlər və tapşırıqlar üzrə general vəzifəsinin icraçısı təyin edilib. Cümhuriyyətin süqutuna kimi general-mayor hərbi rütbəsində Ordu Qərargahında həqiqi hərbi xidmətdə olub.