BAKI, 25 avqust. TELEQRAF
Bakıda fəaliyyət göstərən 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 3 uşaq bağçasının isə (352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası, Etibar Ömərov adına uşaq bağçası) əsaslı təmiri davam edir.
Eləcə də ehtiyac olan 210 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Qeyd edilib ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə (59, 151, 324 və 313 nömrəli) və 2 uşaq bağçasında (101 və 351 nömrəli) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq istifadəyə verilib. Bununla yanaşı, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 328 nömrəli və A. Məmmədov adına uşaq bağçası) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb.