BAKI, 5 iyun. TELEQRAF
Xəzər dənizinin səviyyəsi aşağı düşür, çünki o, çay axınlarından asılıdır.
Teleqraf xəbər verir ki, bunu iqlim eksperti Rövşən Abbasov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə baş tutan "Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə" adlı yan tədbirdə deyib.
O bildirib ki, çayların axını dəyişdikcə dənizin səviyyəsi də dəyişir:
"Xəzər dənizi ümumilikdə axarsız bir su hövzəsidir, lakin onun əsas su mənbələri hövzəyə tökülən çaylardır. Suyun böyük hissəsi əsasən Volqa və Ural çaylarından gəlir. Xəzərə daxil olan ümumi suyun təxminən 80 faizi Volqa çayının payına düşür.
Son yüz il ərzində dənizin səviyyəsi ciddi şəkildə tərəddüd edib.1995-ci ili xatırlayıram, onda Xəzər dənizinin səviyyəsi ən yüksək həddə çatmışdı. Bu isə Azərbaycanın təxminən 800 kilometrlik sahilboyu ərazilərində normal həyatı pozmuşdu. Uzunmüddətli daşqınlar baş vermiş, sahilboyu əsas infrastruktur su altında qalmışdı. Hətta Bakı bulvarının bəzi hissələri də daşqınlardan zərər görmüşdü.
Amma 1995-ci ildən sonra dəniz səviyyəsində azalma müşahidə olunur. Bu azalma Xəzər hövzəsində baş verən müxtəlif amillərlə əlaqədardır. Əsas səbəb çaylardan gələn suyun azalmasıdır".