BAKI, 2 iyun. TELEQRAF
“Biz artıq kəmiyyətdən keyfiyyətə keçmişik. Bu gün ali təhsil və elmi tədqiqat sahəsində əsas prioritetlərdən biri keyfiyyətli elmi nəticələrin əldə olunması və onların nüfuzlu beynəlxalq jurnallarda dərc edilməsidir. Sevindirici haldır ki, artıq Azərbaycan alimlərinin elmi fəaliyyəti beynəlxalq elmi bazalarda daha geniş şəkildə təmsil olunur”.
Teleqraf xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova Bakıda keçirilən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar 2026” adlı beynəlxalq elmi konfransda deyib.
Agentlik sədri bildirib ki, Azərbaycanın 25 yerli elmi jurnalı müxtəlif beynəlxalq indeks bazalarında yer alır:
“Elmi fəaliyyətin qiymətləndirilməsində təkcə məqalələrin sayı deyil, onların keyfiyyəti, istinadlar və elmi təsiri də mühüm rol oynayır. Bu baxımdan son illərdə Azərbaycan alimlərinin elmi məhsuldarlığında nəzərəçarpacaq irəliləyiş əldə olunub.
Xüsusilə, "Web of Science" və "Scopus" kimi nüfuzlu bazalarda indekslənən jurnalların sayı 25-dir.
Digər beynəlxalq bazalarda təmsil olunan jurnalların sayı isə daha çoxdur. Bununla belə, qarşıda hələ görüləcək işlər mövcuddur və bu istiqamətdə fəaliyyət davam etdirilir".
O, həmçinin beynəlxalq elmi əməkdaşlıqların əhəmiyyətdən danışıb.
"Müxtəlif ölkələrdən olan alimlərlə birgə hazırlanmış məqalələr həm daha yüksək elmi təsirə malik olur, həm də ölkənin elmi potensialını nümayiş etdirir. Çünki keyfiyyətli elmi məqalə özlüyündə məqsəd deyil, konkret tədqiqatın, layihənin və ya elmi fəaliyyətin nəticəsidir. Müxtəlif ölkələrdən olan tədqiqatçıların birgə müəllifliyi ilə hazırlanan elmi işlər beynəlxalq əməkdaşlığın səviyyəsini göstərən vacib göstəricilərdən biridir”.
Ülkər Səttarova qeyd edib ki, konfrans materiallarının beynəlxalq indeks bazalarında yer alması olduqca əhəmiyyətlidir:
“Bu həm iştirakçıların elmi fəaliyyətinə töhfə verir, həm də keyfiyyətli elmi nəşrlərin sayının artmasına xidmət edir.
Konfransa təqdim olunan materiallar ciddi elmi rəy prosesindən keçərək qəbul edilir. Bu da konfransın elmi səviyyəsinin və nüfuzunun göstəricisidir”.