BAKI, 18 may. TELEQRAF
Birinci yazı...
Osmanlı tarixində bu dövlətə xidmət etmiş, eləcə də öz sahəsində önəmli işlər görmüş şəxsiyyətlərə verilən bir nişan vardı: Məcidiyyə. 1852-ci ildə Sultan Əbdülməcidin adına uyğun olaraq hazırlanan bu nişan 1922-ci ilə qədər görkəmli şəxslərə təqdim olunub. Bir çox nişanlar kimi Məcidiyyənin də dərəcələri vardı. Birinci dərəcəli Məcidiyyə nişanından 50, ikincidən 150, üçüncüdən 800, dördüncüdən 3000, beşincidən isə 6000 ədəd basılması nəzərdə tutulmuşdu. Birinci dərəcədə olan nişan qiymətli daş-qaşlarla bəzədilmişdi. Nişanın (ordenin) üzərində “qeyrət, həmiyyət, sədaqət” sözləri yazılmış, mərkəzində sultanın tuğrası yer almışdı.
29 avqust 1852-ci ildə Məcidiyyə ordeninin təsisi ilə bağlı nizamnamə təsdiq olunub. 28 maddədən ibarət olan bu nizamnamədə ordenin təsviri də verilib. Bu nişanı birinci dərəcədən alan şəxslərdən biri Məkkə şərifi Əbdülmütəllib əfəndi olub. Mustafa Kamal Atatürk isə bu medala bir neçə dəfə layiq görülüb. Sultan II Əbdülhəmid onu Şamda göstərdiyi xidmətlərinə görə 25 dekabr 1906-cı ildə beşinci dərəcə Məcidiyyə ilə təltif edib. Sultan V Mehmed onu üç dəfə bu medalla mükafatlandırıb. Sonuncu dəfə 16 dekabr 1917-ci ildə Mustafa Kamal paşaya I Dünya müharibəsində göstərdiyi şücaətlərə görə birinci dərəcə Məcidiyyə ordeni verilib.
Bu medala layiq görülənlər arasında hələ ki təsbit etdiyimiz üç azərbaycanlı da var.
Mirzə Fətəli Axundzadə - Əlifba islahatına görə
XIX əsrin ikinci yarısında müsəlman dünyasında inkişafın baş verməsi üçün mövcud ərəb əlifbasının islah edilməsini şərt görən Mirzə Fətəli Axundzadə ideyasını həyata keçirməsi üçün dövlətdən icazə alıb Osmanlı sarayına yollanıb. Belə ki, 23 aprel 1863-cü ildə o, Qafqaz canişinliyinin baş idarə rəisi A.F. Kruzenşternə ərizə yazaraq İstanbula getməsi üçün icazə və maliyyə dəstəyi istəyib. Bundan öncə isə o, bu islahat təklifi ilə bağlı həm Osmanlı, həm də Qacar sarayına məktublar ünvanlamışdı.
27 mayda Batuma gələn Axundzadə 14 gün orada gözlədikdən sonra, nəhayət, yola düşə bilib. Bu zaman üzərində islahat təklifi ilə yanaşı “Təmsilat”ı da vardı. Onun bir məqsədi də komediyalarının İstanbulda nəşri idi.
Artıq Osmanlı sarayında tanınan azərbaycanlı (sənəddə dağıstanlı) bir aydın olduğu üçün İstanbula çatan Axundzadə hörmətlə qarşılanıb. 16 iyul 1863-cü ildə o, birinci dəfə sarayda qəbul edilib və Axundzadə sədrəzəmə yazdığı mədhiyyəni oxuyub, daha sonra əlifba təklifini təqdim edərək əhəmiyyətindən danışıb. Sədrəzəm Keçəcizadə Fuad paşa Cəmiyyəti Elmiyyəyi Osmaniyyədə bu təkliflərin müzakirə edilməsinə göstəriş verib. 23 iyulda bu elmi cəmiyyətdə Xariciyyə Vəkalətinin Baş mütərcimi Münif əfəndinin idarəçiliyində layihənin müzakirəsi aparılıb. Axundzadə görüşlə bağlı təəssüratında təklif etdiyi layihənin əhəmiyyətindən danışdığını və heyətdə müsbət rəy yaratdığını bildirib. 17 avqust 1863-cü ildə Axundzadə sədrəzəm Fuad paşa ilə ikinci dəfə görüşüb. Axundzadə paşanın bu dəfə ona səmimiyyət göstərmədiyini, amma yeni əlifbanı bəyəndiyini qeyd edib. Ona görə də layihənin müzakirəsi elmi cəmiyyətdə ikinci dəfə baş tutub, lakin qəbul edilməyib. Səbəbləri bu şəkildə göstərilib: Mirzə Fətəlinin hazırladığı layihə faydalıdır və qarşıya qoyulan məqsədə xidmət edib. Lakin çap prosesi baxımından mövcud çətinliklər hələ də qalmaqdadır. Bununla yanaşı müsəlmanlar arasında uzun illərdir istifadə olunan əlifbanın islahı asan bir məsələ deyil. Belə bir dəyişiklik həm də klassik İslam irsinin unudulmasına səbəb ola biləcəyi üçün bu islahatların ümumi şəkildə tətbiqi mümkün hesab edilməyib. Lakin layihə müəllifinin də təklif etdiyi kimi hələlik bu yazının yalnız mövcud İslam xətləri siyahısına əlavə edilməsi məqsədəuyğun sayılıb.

Axundzadədən sonrakı dövrdə əlifba islahatının tərəfdarlarından Fərhad Ağazadə sarayın bu təklifləri qəbul etməməsinin səbəbini bu şəkildə göstərib: “Çoxmilyonlu müsəlmanların xəlifəsi sayılan sultan heç vaxt “Quran”ın yazıldığı əlifbadan imtina etmək haqqında qərar verməzdi! Hətta onun islahı haqqında da söhbət belə gedə bilməzdi! Xəlifə şəriətin və Quranın tələblərinin himayəçisidir. O, Quranın yazıldığı əlifbanı ləğv etməyə və ya dəyişdirməyə yox, onun istifadəsinə həvəsləndirməyə borclu idi”.
Beləliklə, Osmanlı dövləti Axundzadənin təklifini qəbul etməsə də, göstərdiyi bu təşəbbüsü qiymətləndirərək onu dördüncü dərəcəli Məcidiyyə nişanı ilə təltif edib.
Nağı bəy Şeyxzamanlı – Osmanlıdan hərbi yardım təmini çalışmalarına görə
1917-ci il rus inqilabından sonra Cənubi Qafqazda vəziyyət dəyişdiyi üçün bölgədə yaşayan xalqların hərbi gücə ehtiyacı vardı. Çar dönəmində Azərbaycan türkləri hərbi xidmətə aparılmadıqlarına görə əsgəri güc üçün Osmanlıdan yardım istənilib. Qafqazdakı vəziyyəti izah etmək, sultandan dəstək almaq üçün gələcəkdə Azərbaycan Cümhuriyyətində önəmli vəzifə tutan Gəncə Milli Komitəsinin təmsilçisi Nağı bəy Şeyxzamanlı 1918-ci ilin əvvəlində Türkiyəyə göndərilib. O, “Molla Nəsrəddin”in təsisçisi, tanınmış mühərrir Ömər Faiq Nemanzadə və iki başqa şəxslə birlikdə (Tiflis, Ərdəhan, Acara, Gəncə təmsilçiləri) 15 fevralda Samsuna gəlib. 18 fevralda Sivasa çatan heyət oradan İstanbula yola düşüb. Nağı bəy İstanbulda Ənvər paşa və sultanla görüşüb, Qafqazdakı və Rusiyadakı türklərin durumu ilə bağlı ona məlumat verib. Xatirələrində yazıb: “… Sultan Ənvər paşaya məni göstərərək: “Bu, kimdir?”, – deyə soruşdu. Ənvər paşa: “Qafqaz mürəxxəsi Nağı bəydir”, – cavabını verir. Sultan türkcə bilib-bilmədiyimi soruşur… Sultan məni gözləri ilə süzdü və “Demək, türkcə bilirsən” dedi. Mən də: “Bəli, sultanım, mən türkəm”, – dedim.
Nağı bəyə Osmanlı hərbi yardımının edilməsi yolundakı fəaliyyətinə görə Ənvər paşanın təqdimatı ilə sultan onu üçüncü dərəcəli Məcidiyyə nişanı ilə təltif edib.
.jpg)
Məhəmmədəli Məhəmmədov – “İkinci Qara kitab”ın ingilis dilinə tərcüməsinə görə
Məcidiyyə nişanına layiq görülən üçüncü azərbaycanlı isə gəncəli Hacıbaba Məhəmmədzadənin oğlu Məhəmmədəli bəydir. Məhəmmədəli bəy 1891-ci ildə doğulub. Üsküdarda Şəmsipaşada, sonra fransız liseyində, ardınca Robert Kollecində (1907-1913) təhsil alıb. 1913-1917-ci illərdə Miçiqan Universitetinin Ziraət Mühəndisliyi Fakültəsində oxuyub. ABŞ-da iki il müəllimlik ixtisasına yiyələnmək üçün təhsil alıb, 1919-cu ildə Türkiyəyə qayıdıb. Yunanların türklərə qarşı törətdiyi faciələrdən bəhs edən “İkinci Qara kitab”ın ingilis dilinə tərcüməsinə görə o, Məcidiyyə nişanına layiq görülüb. Üçüncü dərəcəli Məcidiyyə ordeni Məhəmmədəli bəyə Baş komandan Mustafa Kamal paşa tərəfindən 1921-ci ilin sentyabr ayında verilib. Hazırda orden Məhəmmədəli bəyin oğlu Kərim Mehmedzadənin arxivindədir. Həmin nişanı görmək bizə nəsib olub.
Ola bilsin ki, başqa azərbaycanlılar da bu nişana layiq görülüblər.