BAKI, 18 may. TELEQRAF
Ukrayna və Azərbaycan dayanıqlığın qiymətini, həmçinin güclü infrastrukturun, enerji təhlükəsizliyinin və müasir şəhər inkişafının əhəmiyyətini həqiqətən anlayır. Biz tərəfdaşlığımızı və bu müzakirəni Bakıda aparmaq imkanını yüksək qiymətləndiririk.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlər Sammiti zamanı bildirib.
O qeyd edib ki, bu gün Ukrayna artıq dörd ildən çoxdur davam edən genişmiqyaslı müharibə şəraitində bu forumda iştirak edir:
“Bu müharibədə biz infrastrukturumuzu, o cümlədən mənzil fondunu, sənaye obyektlərini, enerji güclərini və insan kapitalını itiririk. Son zərər və ehtiyacların qiymətləndirilməsinə əsasən, infrastruktur sektorlarına dəyən zərərin həcmi 195 milyard ABŞ dollarını ötüb. Təkcə mənzil sektorunda zərər 60 milyard dollardan çoxdur, bərpa ehtiyacları isə 88 milyard dollar həcmində qiymətləndirilir.
Nəticədə müharibə müasir şəhərləri və gündəlik həyatı necə anladığımızı kökündən dəyişib. Ukraynada əhalinin 70 faizindən çoxu şəhərlərdə və urban ərazilərdə yaşamağa davam edir, baxmayaraq ki, müharibə şəraitində şəhərdə yaşamaq son dərəcə çətindir.
Biz şəhər planlaşdırılmasına, infrastruktura və ictimai məkanlara yanaşmamızı yenidən nəzərdən keçiririk. Bu, şəhərin davamlı təhlükəsizlik təhdidləri, bombardmanlar və ya elektrik kəsintilərinə baxmayaraq fəaliyyət göstərə bilməsi deməkdir. Bu, enerji müstəqilliyi, müdafiə sistemləri və sığınacaqların qurulması deməkdir. Cəbhə bölgələrində isə bu, yeraltında paralel həyatın davam etdirilməsi deməkdir”.
O əlavə edib ki, bu gün əlçatanlıq müharibə veteranları, əlilliyi olan şəxslər, uşaqlı ailələr və bütün vətəndaşlar üçün fundamental tələbdir:
“Ukrayna üçün enerji səmərəliliyi milli enerji təhlükəsizliyi və icma dayanıqlılığı məsələsidir. Bu gün Ukraynanın şəhər inkişafı üzrə yeni mədəniyyət formalaşdırmaq üçün unikal imkanı var — dayanıqlılığa, insan mərkəzli dizayna və böhranlara hazırlığa əsaslanan bir mədəniyyət.
Bir neçə nümunə təqdim etmək istərdim. Ukraynanın paytaxtı Kyiv qış aylarında genişmiqyaslı raket hücumlarına məruz qaldıqdan sonra, havanın temperaturu mənfi 20 dərəcə olduğu vaxtda, bir milyondan çox insan istilik təminatından məhrum oldu. Biz yaşayış binalarının həyətlərində istilik məntəqələri yaratmalı olduq. Biz onları “məğlubedilməzlik nöqtələri” adlandırırıq. İnsanlarımızı su və elektriklə təmin etmək üçün generatorlar quraşdırdıq.
Bu gün şəhərin yüz minlərlə insanın yaşadığı məhəllələrini daha avtonom və müharibə çağırışlarına qarşı daha az həssas etmək üçün əlimizdən gələni edirik. Bu artıq bizim yeni reallığımızdır”.