BAKI, 18 may. TELEQRAF

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb.

Teleqraf xəbər verir ki, müraciətdə deyilir: "Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqi ilə insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib, bununla da ölkəmizdə bu sahədə ardıcıl və sistemli fəaliyyətin möhkəm təməli qoyulub.

Ulu Öndərin insan hüquqları sahəsində müəyyən etdiyi uğurlu siyasətin davamlılığını təmin edən və müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il həmin əlamətdar gün ərəfəsində 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilir, paytaxtda və regionlarda insan hüquqlarına həsr olunmuş müxtəlif tədbirlər keçirilir və bu təşəbbüs artıq ənənə halını alıb. Bu ənənənin davamı olaraq, qarşıdan gələn 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ərəfəsində cari ilin 18 may–18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” (bundan sonra – Aylıq) elan edirik.

Aylığın başlıca məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılmasıdır. Eyni zamanda, ayrı-seçkilik, erkən evlilik, zorakılıq, narkomaniya və korrupsiya kimi neqativ hallara qarşı mübarizəni gücləndirmək, cəmiyyətdə hüquqi düşüncə və hüquq mədəniyyətini inkişaf etdirmək, insan hüquqlarının təmin edilməsi sahəsində əldə olunmuş nailiyyətlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ictimaiyyətin məlumatlılıq səviyyəsini yüksəltmək də əsas hədəflərdəndir.

Müasir dövrdə insan hüquqlarının təmini ilə bağlı çağırışlar daha da şaxələnmişdir. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, informasiya mühitində baş verən dəyişikliklər, iqlim dəyişiklikləri və postmünaqişə reallıqları bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir. Bu konteksdə rəqəmsal mühitdə hüquqların qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə, süni intellektin etik və məsuliyyətli tətbiqi, eləcə də gənclərdə hüquq mədəniyyətinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

Bununla yanaşı, sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının təmin edilməsi, inklüziv cəmiyyətin inkişafı, sosial xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsi və hüquqi maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi prioritet istiqamətlər sırasındadır. Postmünaqişə dövründə təhlükəsiz yaşayış mühitinin təmin edilməsi, mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi, reinteqrasiya proseslərinin insan hüquqları prinsiplərinə uyğun həyata keçirilməsi də xüsusi diqqət tələb edən məsələlərdəndir.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhər mühitinin insan hüquqları ilə ayrılmaz bağlılığını xüsusi aktuallaşdırır. Bu baxımdan, təhlükəsiz, sağlam və inklüziv yaşayış mühitinin formalaşdırılması, həssas qruplar üçün əlçatanlığın təmin edilməsi, ekoloji tarazlığın qorunması və qərarvermədə ictimai iştirakın gücləndirilməsi insan hüquqlarının səmərəli həyata keçirilməsinin mühüm şərti kimi çıxış edir.
Qeyd olunan çağırışlar nəzərə alınaraq, Aylıq çərçivəsində insan hüquqlarına dair aktual mövzular üzrə hüquqi maarifləndirmə fəaliyyətinin genişləndirilməsi zəruri hesab olunur.

Bu baxımdan dövlət orqanlarını, bələdiyyələri, elm, təhsil, mədəniyyət, tibb və sosial xidmət, cəzaçəkmə müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını – qeyri-hökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini, həmkarlar ittifaqlarını, eləcə də digər aidiyyəti qurum və müəssisələri Aylığın yüksək səviyyədə keçirilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri və ictimai məlumatlandırma kampaniyaları təşkil etməyə, maarifləndirici materiallar hazırlayıb əhali arasında yaymağa, habelə həyata keçirilən tədbirlərin və sosial çarxların media və rəqəmsal platformalarda geniş işıqlandırılmasına fəal şəkildə qoşulmağa çağırırıq.

Yeri gəlmişkən, insan hüquqları sahəsində müasir çağırışların beynəlxalq müstəvidə müzakirəsinə töhfə vermək məqsədilə Aylığın yekunu olaraq 2026-cı il 18–19 iyun tarixlərində Bakı şəhərində “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusuna həsr olunmuş Ombudsmanların Bakı Sammitinin keçirilməsi nəzərdə tutulur. Sammit çərçivəsində mövzu üzrə fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Aylıq müddətində həyata keçirilən fəaliyyətlər barədə məlumatların media resurslarında geniş işıqlandırılması, eləcə də sosial media platformalarında #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə paylaşılması xahiş olunur.

Sonda, şəhid ailələri, müharibə iştirakçıları, mina qurbanları, əlilliyi olan şəxslər, uşaqlar, ahıllar, qaçqınlar, keçmiş məcburi köçkünlər və miqrantlar da daxil olmaqla, əhalinin bütün qruplarının hüquqlarının təşviqi, müdafiəsi və təmini məsələlərinə xüsusi həssaslıqla yanaşılacağına, bu sahədə maarifləndirmə fəaliyyətlərinin daha da genişləndiriləcəyinə, görülən işlərin ictimaiyyətə operativ və dolğun şəkildə çatdırılmasında, habelə media və rəqəmsal platformalarda işıqlandırılmasında yüksək fəallıq nümayiş etdiriləcəyinə inanır və əvvəlcədən təşəkkürümüzü bildiririk".