BAKI, 18 may. TELEQRAF

Xorvatiya Prezidenti Zoran Milanoviç İsrail hökumətinin siyasəti ilə razılaşmadığı üçün yeddi aydır İsrail səfirinin təyinatını təsdiqləməkdən imtina edir.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” mənbələrə istinadla məlumat yayıb.

İsrail hökuməti 2025-ci ilin noyabr ayında Nissan Amdurun Xorvatiyaya səfir təyinatını təsdiqləyib və standart diplomatik prosedura uyğun olaraq Xorvatiya Prezident Administrasiyasına sorğu təqdim edib. O vaxtdan bəri Xorvatiya lideri yeni səfiri təsdiqləməyib.

İsrailin Xorvatiyadakı hazırkı səfiri Qari Korenin səlahiyyət müddəti bu ayın sonunda bitir, bundan sonra geri qayıdacaq. Xorvatiya Prezidentinin Amdurun təyinatını təsdiqləməkdə tərəddüd etməsi səbəbindən İsrail hakimiyyəti diplomatın müvəqqəti işlər vəkili kimi Zaqrebə gedəcəyinə və məsələnin həllini gözləyəcəyinə qərar verib.

Portal qeyd edib ki, bu, Xorvatiya tarixində prezidentin xarici səfirin təyinatını təsdiqləməkdən imtina etməsi ilə bağlı ilk haldır. “Ynet”in mənbələrinə görə, bu, Xorvatiyada prezidentlə hökumət arasında daxili mübahisə kontekstində baş verir. Prezident bu mübahisə çərçivəsində digər məsələlərlə yanaşı, dünyanın bütün ölkələri üzrə Xorvatiya səfirlərinin təyinatlarını və dəyişdirilməsini təsdiqləməkdən də imtina edir. Mənbə əlavə edib ki, Milanoviç əvvəllər dəfələrlə İsrail əleyhinə və antisemit açıqlamalar verib.

İsrail Xarici İşlər Nazirliyindən portala bildirilib ki, Xorvatiya hakimiyyəti ilə səfir məsələsinin həlli üzərində işləyir.