BAKI, 1 iyun. TELEQRAF
Ölüm haqqında şəhadətnamənin alınması prosesinin çətin olması ilə bağlı narazılıqlar davam edir. Əgər mərhum(ə) sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər. Yeganə yolun məhkəmə olduğu və bunun isə əlavə xərc, zaman itkisi olduğu deyilir.
Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, ötən il 2481 nəfərin ölümü məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilib:
"Onlardan 2322 nəfərin barəsində ölüm haqqında şəhadətnamə verilib. Ötən ilin ilk 4 ayı ərzində ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış 672, cari ilin ilk 4 ayı ərzində isə ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış 767 şəxsin hamısının barəsində şəhadətnamə tərtib edilib".
Görünən odur ki, ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınanların sayında artım müşahidə olunur.
İcra nümayəndəsinin arayışı əsas götürülə bilər
Mövzu ilə bağlı Teleqraf-a danışan deputat Razi Nurullayev hesab edir ki, ölüm haqqında şəhadətnamənin verilməsi prosesi mümkün qədər sadələşdirilməli, vətəndaş əlavə bürokratik maneələrlə üzləşməməlidir.
"Təəssüf ki, hazırda bəzi hallarda - mərhum sağlığında sahə həkiminin nəzarətində olmayıbsa, yaxınları arayış almaqda çətinlik çəkir və məhkəməyə müraciət etməyə məcbur qalır. Halbuki, məhkəmə yolu yalnız istisna və şübhəli hallar üçün nəzərdə tutulmalıdır.
Hesab edirəm ki, daha praktik və real yanaşma kimi icra nümayəndəsinin arayışı əsas götürülə bilər. Çünki faktiki olaraq məhkəmə də qərar çıxararkən çox vaxt həmin icra nümayəndəsinin arayışına, yerində toplanmış məlumatlara və şahid ifadələrinə istinad edir. Əgər icra nümayəndəsi, yerli şahidlər və aidiyyəti şəxslər ölüm faktını təsdiqləyir və buna görə məsuliyyət daşımağa hazırdırsa, belə hallarda şəhadətnamənin məhkəməsiz verilməsi mümkündür və bu, daha məqsədəuyğun olardı", - deputat vurğulayıb.
Dövlət qurumları buna görə ehtiyatlı davranır
R.Nurullayev məsələnin digər tərəfinə də diqqət çəkib:
"Bəzi hallarda ölümün səbəbi ilə bağlı şübhəli məqamlar, hətta qəsdən törədilmiş hadisələr də ola bilər. Təcrübədə belə hallar olub ki, ilkin olaraq ölüm təbii hal kimi qəbul edilib, lakin sonradan ekshumasiya tələb olunub və yeni faktlar ortaya çıxıb. Məhz bu kimi risklərə görə dövlət qurumları ehtiyatlı davranır və bu yanaşma da müəyyən mənada başadüşüləndir".
Bu halda məhkəməyə müraciət edilməlidir
Deputat ona görə də bu məsələdə əsas məqsədin balanslı mexanizm qurmaq olduğunu deyib:
"Sadə və aydın hallarda, yəni icra nümayəndəsinin arayışı, şahidlərin təsdiqi və hər hansı şübhənin olmaması şəraitində proses məhkəməsiz və operativ şəkildə həll olunmalıdır. Yalnız mübahisəli, şübhəli və ya hüquqi risk daşıyan hallarda isə məhkəmə mexanizmi işə düşməlidir. Yəni elə bir model qurulmalıdır ki, nə vətəndaş əlavə əziyyət çəksin, nə də hüquqi və təhlükəsizlik baxımından boşluq yaransın. Bu balansın tapılması həm humanist yanaşma, həm də hüquqi məsuliyyət baxımından ən doğru yoldur".
Bu halda ailəsinə dəfn xərci təqdim olunur
Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, ümumiyyətlə, istənilən halda şəxs vəfat edəndə mütləq bu barədə hüquq-mühafizə orqanlarına və tibb müəssisəsinə məlumat verilməlidir:
"Əgər bununla bağlı hər hansı rəsmiləşdirilmə aparılması tələb olunursa, dərhal müvafiq qeyd aparılır. Həmin tibb müəssisəsindən verilən sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Həmçinin Ədliyyə Nazirliyinin müvafiq rayon, şəhər qeydiyyat şöbələrinə təqdim olunur. Daha sonra vətəndaşın şəxsiyyət vəsiqəsi deaktiv olunur və ölüm haqqında şəhadətnamə hazırlanır. Əgər vəfat edən şəxs vaxtında vergi ödəyicisi olubsa, onun ailəsinə dəfn xərci təqdim olunur".
O bildirib ki, vəfat edən şəxsin ailə üzvləri hər hansı bir formada müvafiq dövlət qurumlarını xəbərdar etməyiblərsə və dəfn ediblərsə, onda məhkəməyə müraciət etməlidirlər.
"Məhkəməyə müraciət edərək ölüm faktını təsdiq etməlidirlər və ölüm haqqında şəhadətnaməni əldə etməlidirlər", - o vurğulayıb.
Ədliyyə Nazirliyindən bildirilib ki, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən vətəndaşın müraciəti olmadan ölüm qeydə alınır.
"Ölüm haqqında şəhadətnaməni isə ölən şəxsin yaxın qohumları seçdiyi yer üzrə qeydiyyat şöbəsinə müraciət etməklə əldə edirlər", - məlumatda qeyd olunub.
"Ölüm kağızı"nın alınması prosesi asanlaşdırıla bilərmi?
Bu sualımıza konkret cavab ola bilmədik. TƏBİB-dən bildirildi ki, ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” (Qayda) ilə tənzimlənir.
Ölüm haqqında şəhadətnamə belə verilir
""Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.
Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir", - məlumatda qeyd olunub.