BAKI, 14 may. TELEQRAF

COP31 çərçivəsində Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi və Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin birgə təşkilatçılığı ilə Hatay və İstanbulda ikinci media-tur təşkil edilib.

Teleqraf xəbər verir ki, Türkiyənin noyabrda ev sahibliyi edəcəyi COP31 öncəsi “Road to COP31: Sustainable Future International Media Program” adlı beynəlxalq media proqramına Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti ilə yanaşı Böyük Britaniya, İspaniya, İtaliya, Yaponiya, Cənubi Koreya, Macarıstan, Serbiya, Mərakeş, Monteneqro, Şimali Makedoniya daxil olmaqla 12 ölkədən dəvət olunan 18 xarici media nümayəndəsi qatılıb.

Media turu çərçivəsində jurnalistlər ilk olaraq Hatayda keçirilən “Türkiyənin COP31 Yolculuğu: Dayanıqlı Şəhərlər Proqramı” çərçivəsində Hatayda zəlzələdən sonra yenidən qurulan ərazilərlə, xüsusilə Kurtuluş məhəlləsi və Atatürk məhəlləsi ilə tanış olublar.

Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Ətraf İdarəetmə baş direktoru Fatih Turan Hatayda yenidən qurulan işlər haqqında məlumat verib.

O bildirib ki, başlanğıc nöqtəmiz olan Habib-i Neccar məscidinə 6 fevral 2023-cü il zəlzələsindən sonra ciddi zərər görüb: "Məscidin bərpası zamanı bölgəyə məxsus təbii daşlardan istifadə olunub, tikili orijinal memarlıq xüsusiyyətlərinə sadiq qalmaqla yenidən inşa edilib. Restavrasiya prosesində tarixi strukturun bütün detalları böyük həssaslıq və peşəkarlıqla qorunub, məscidin ilkin memarlığı eyni şəkildə bərpa edilib".

Fatih Turan vurğulayıb ki, Hatayda bu gün yalnız bina tikintisi deyil, eyni zamanda ətraf mühitin qorunması və dayanıqlılığın əsas götürüldüyü iqlim yönümlü şəhərsalma anlayışı ön plana çıxır: "Bu yanaşma şəhərin yenidən qurulmasında ekoloji balansın qorunması, resursların səmərəli istifadəsi və uzunmüddətli davamlı inkişaf prinsiplərinə əsaslanır. Hatay tarix boyu bir çox zəlzələ ilə üzləşib, Aralıq dənizi sahilində və Amanos dağlarının ətəyində yerləşən, çoxmədəniyyətli və qədim tarixə malik şəhərdir. Kurtuluş Məhəlləsi şəhərin ən qədim və mərkəzi yaşayış bölgələrindən biridir. Burada şəhərsalma və tikinti işləri mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

Hatayda Asi çayının mövcudluğu, Suriyadan gələn su axını və regional ekoloji təsirlər nəzərə alınaraq genişmiqyaslı planlaşdırma aparılıb. Çay ətrafındakı infrastruktur yenilənib, parklar və rekreasiya zonaları yaradılıb".

Baş direktor deyib ki, Hatayda enerji sahəsində günəş enerjisi vasitəsilə suyun qızdırılması və elektrik enerjisinin istehsalına yönəlik layihələr hazırlanıb: "Elektrikli avtomobillər üçün enerji doldurma infrastrukturu planlaşdırılıb. Yağış sularının toplanması sistemləri qurularaq həmin suların yenidən istifadəsi, xüsusilə bağlarda və boz su sistemlərində dəyərləndirilməsi hədəflənib. Bundan əlavə, ən son texnologiyalarla təchiz edilmiş yeni tullantı su təmizləmə qurğuları inşa olunub. Kanalizasiya sularının birbaşa çaylara və ya dənizə axıdılması əvəzinə, onların yenidən istifadəsinə əsaslanan ekoloji layihələr həyata keçirilib.

Şəhər planlaşdırılarkən yalnız bu gün deyil, qarşıdakı 50 ili əhatə edən bir vizyon ortaya qoyulub. Hatayın Aralıq dənizinə çıxışı, dağları, düzənlikləri, kənd təsərrüfatı sahələri, zeytun istehsalı, arxeoloji irsi və sənayesi birlikdə nəzərə alınaraq hərtərəfli şəhər planlaması həyata keçirilib. Xüsusilə, enerji istehlakının azaldılması, suya qənaət edilməsi və karbon emissiyalarının minimuma endirilməsi məqsədilə bütün layihələr iqlim dostu yanaşma ilə icra olunub. İskəndərundakı dəmir-polad sənayesi də bu transformasiya prosesində nəzərə alınan mühüm amillərdən biri olub. Zəlzələdən sonra Hatay yenidən planlaşdırılarkən əsas məqsəd dayanıqlı, ətraf mühitə həssas və iqlim dostu bir şəhər modeli yaratmaq olub. Lakin təbii ki, yaşanan fəlakət çox böyük olduğu üçün ilk növbədə insanların təhlükəsiz şəkildə yerləşə biləcəyi yaşayış evlərinin sürətlə tikilməsinə üstünlük verilib. Daha sonra parklar, bağçalar, məktəblər və yataqxanalar dayanıqlılıq prinsiplərinə uyğun şəkildə layihələndirilib".

Fateh Turan əlavə edib ki, Hatayda 3 500 yaşayış yeri tamamlanıb: “Şəhərin digər bölgələrində də təxminən 30 min iş yerinin tikintisi davam edir. Zəlzələdən sonra bəzi vətəndaşlarımız başqa şəhərlərə köçüb. Lakin evləri tamamlandıqca geri qayıtmağa başladılar. Hazırda uşaqlar məktəblərdə təhsillərini davam etdirdiklərinə görə qayıdış yay aylarında baş tutacaq. Ümumilikdə 146 min mənzil sahibi var. Onların təxminən 80 mininə açar təslimi həyata keçirilib. Bu yay 50-60 min vətəndaşın yeni evlərinə köçməsi gözlənilir”.

Fatih Turanın sözlərinə görə, Hatayda binaların layihələndirilməsi əlilliyi olan şəxslərin rahat istifadəsinə uyğun şəkildə aparılıb: "Binaların zirzəmi qatlarında avtodayanacaq, sığınacaq, su anbarları və elektrik avadanlıqları yerləşdirilib. Binaların xarici fasadlarında enerji səmərəliliyini artıran izolyasiya materiallarından istifadə olunub. İsti su təminatı məqsədilə hər binanın damında günəş panelləri quraşdırılıb.

Memarlıq layihələrində vahid və standart görüntünün qarşısını almaq üçün fərqli memarlarla əməkdaşlıq edilib. Binaların inşası zəlzələyə davamlı şəkildə layihələndirilib".

Fateh Turan bildirib ki, Kahramanmaraşda inşa edilən “Azərbaycan məhəlləsi” onlar üçün ayrıca böyük əhəmiyyət daşıyır: "Azərbaycaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən tədbir böyük qürur hissi yaratdı. Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” prinsipinin ən çətin günlərdə bir daha özünü göstərdi. Dəstək və həmrəyliklərinə görə Azərbaycan xalqına minnətdarlığımızı bildiririk".

Daha sonra Hatay Dövlət Məclis Binasını ziyarət olunub. Memar Sinem Nuraydın tarixi məclis binası haqqında məlumar verib: "Bina fransızlar dövründə kinoteatr kimi inşa edilib. Hatay Dövləti dönəmində isə ilk məclis toplantıları burada keçirildiyi üçün “məclis binası” adlandırılıb. Bina 6 fevral 2023-cü il zəlzələlərindən sonra tamamilə dağılıb. Daha sonra mütəxəssis qruplar, restavrasiya memarları, memarlar və arxeoloqların iştirakı ilə qazantılar üzərində geniş araşdırma işləri aparılıb. Hər bir element əl ilə, tək-tək təsbit edilərək qorunub, araşdırılıb və kataloqlaşdırılıb.

Dağıntıdan çıxarılan bütün hissələr diqqətlə toplanıb. Sağ və sol tərəfdəki zeytun ağacları, yerdə gördüyümüz plitələr, içəridəki işıqlandırma elementləri və oturacaqların hamısı dağıntı altından çıxarılıb. İtirilmiş materiallar isə orijinal nümunələr əsasında yenidən hazırlanıb. Dağıntıdan çıxarılan bəzi hissələr qorunub saxlanılıb, digər hissələr isə hataylı arxeoloqlar tərəfindən eyni formada yenidən bərpa edilib".

Daha sonra Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum media nümayəndələri ilə görüşüb.

Türkiyəli nazir görüşdə “əsrin yenidən qurulması”nın ən önəmli nümunələrindən biri olan Hatayda həyata keçirilən işlər, şəhərsalma və inkişaf planlarını və Türkiyənin COP31 vizyonu beynəlxalq media nümayəndələri ilə paylaşıb.

"Hatay 6 fevral 2023-cü il zəlzələlərindən sonra yenidən ayağa qalxmağı bacarıb. Bu gün Hatayda yalnız tikilən binaları deyil, eyni zamanda yenidən qurulan həyatları da görməyinizi istəyirik. 11 vilayəti və 14 milyon insanı təsir edən çox böyük bir zəlzələ yaşadıq. Təəssüf ki, minlərlə vətəndaşımızı itirdik. Lakin ilk andan etibarən vətəndaşlarımızı tək buraxmadıq",-deyə M.Kurum deyib.

Murat Kurum qeyd edib ki, artıq dünyada şəhərlərin böyüklüyü və ya iqtisadi gücü ilə deyil, onların fəlakətlərə nə dərəcədə hazır olduqları və insanlara nə qədər təhlükəsiz gələcək təqdim etdikləri ilə ölçüldüyü dövr başlayıb.

Murat Kurum bildirib ki, iqlim dəyişikliyi müxtəlif qitələrdə fərqli prioritetlərlə müzakirə olunur: "Şimali Amerikada daha çox sosial, iqtisadi və siyasi təsirlər ön plana çıxır, Avropada karbon emissiyalarının azaldılması, “net sıfır” hədəfləri və fosil yanacaq investisiyalarından çıxış məsələləri müzakirə edilir, Asiyada enerji dönüşümü və bərpaolunan enerji həlləri əsas yer tutur, Afrika və Cənubi Amerikada isə ərzaq təhlükəsizliyi, su resursları və inkişaf məsələləri diqqət mərkəzindədir, Avstraliyada isə enerji siyasəti və fosil yanacaq investisiyaları daha çox müzakirə olunur".

Murat Kurum vurğulayıb ki, iqlim dəyişikliyi qlobal böhrandır, lakin hər coğrafiyanın ehtiyacları, prioritetləri və həll gözləntiləri fərqlidir.

Nazir əlavə edib ki, insanların yanğın, sel, fırtına, torpaq sürüşməsi kimi fəlakətlərlə üzləşməsi iqlim mövzusunu abstrakt bir anlayışdan çıxararaq birbaşa insan həyatına təsir edən real bir həqiqətə çevirir. Bu səbəbdən Türkiyənin COP31 istiqamətində “dayanıqlı şəhərlər” mövzusunu əsas prioritet kimi müəyyən edib.

Nazir Murat Kurum qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə artıq təkcə ətraf mühit siyasəti deyil, həm də insan həyatını qoruyan mühüm bir məsələdir: "Türkiyə həm zəlzələ riski, həm də iqlim böhranını eyni vaxtda yaşayan bir ölkədir və bu iki mövzuya ayrı deyil, bir-birini tamamlayan proseslər kimi yanaşılır. COP31 “Dayanıqlı Şəhərlər” tədbirləri də məhz bu yanaşmanın bir hissəsidir".

Türkiyə rəsmisi açıqlayıb ki, yenidənqurma işlərində 200 mindən çox memar, mühəndis və işçi eyni vaxtda sahədə çalışıb. İki il ərzində 500 minə yaxın mənzil tamamlanıb.

Nazir əlavə edib ki, xüsusilə Antakyada tarixi və mədəni irs qorunaraq keçmiş silinmədən gələcəyə daşınır.

Murat Kurum vurğulayıb ki, zəlzələdən sonra həyata keçirilən bütün işlər COP31 “dayanıqlı şəhərlər” yanaşması üçün nümunə olacaq və məqsəd bu təcrübələrin beynəlxalq səviyyədə paylaşılmasıdır.

Murat Kurum Türkiyədə keçiriləcək COP31 ilə bağlı planlardan da danışıb. O, Teleqraf-a eksklüziv açıqlamasında Türkiyədə keçiriləcək COP31-də Azərbaycanla birlikdə çalışıdıqlarını da bildirib.