BAKI, 14 may. TELEQRAF

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, artıq iki ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İlahiyyat İnstitutunda Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilir.

O qeyd edib ki, açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır.

Onun sözlərinə görə, layihə çərçivəsində tələbələr dinlənilir, onlarda müzakirələr aparılır.

"Tələbələr ailə dəyərlərinin müxtəlif psixoloji və sosial aspektləri istiqamətində çıxışlar edirlər. Müasir dünyada ailə dəyərlərinə qarşı müxtəlif təhdidlər mövcuddur. Ənənəvi ailə modeli tədricən öz funksiyalarını itirir, müasir yanaşmalar ön plana çıxır.

Müasir Azərbaycan ailəsi isə ənənələrinə sadiq qalmalıdır. Bu baxımdan, köklərinə bağlı olan və eyni zamanda müasir dövrün çağırışlarını nəzərə alan ailə modelini cəmiyyətə təlqin etməyə çalışırıq”.

Aqil Şirinov həmçinin əlavə edib ki, institutda ailə dəyərləri və erkən nikahlarla bağlı müxtəlif layihələr həyata keçirilir.