BAKI, 13 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı il aprel çağırışçılarının andiçmə mərasimi keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi, 24 saatdan az davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.

Çıxış edən gənc əsgər Qarasaqqalov İsimxan Ədalət oğlu hərbçi yoldaşları adından əsgəri borcunu şərəflə yerinə yetirəcəklərini, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmişlərin xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərini, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərini vurğulayıb.

Valideyn Eldar Əliyev çıxışında gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, onların Vətənə layiqli xidmət göstərməsində, hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçməsi ilə başa çatıb.