BAKI, 1 may. TELEQRAF
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsi ilə tanış olublar.
Teleqraf xəbər verir ki, xarici diplomatlara Tibb və sağlamlıq elmləri fakültəsi barədə məlumat verilib.
Dekan Samir Babayev bildirib ki, fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərir.
Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçirilir.
Tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradır. Tələbələrin tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanları var. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfər ediblər.