BAKI, 10 iyul. TELEQRAF

İranın cənub-şərqində yerləşən Konarak liman şəhərindəki hərbi-dəniz qüvvələrinə məxsus obyekt hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Konarak şəhərinin meri Məhəmməd Yunis Həqqaninin sözlərinə görə, hücum iyulun 9-u axşam saatlarında iki mərhələdə qırıcı təyyarələr vasitəsilə həyata keçirilib.

Bildirilib ki, zərbələr nəticəsində hərbi bazanın ərazisində iki partlayış baş verib.

Bundan əvvəl İranın Mehr agentliyi Konarak, Buşehr və Çoğadək şəhərlərində bir neçə partlayış qeydə alındığını xəbər vermişdi. Məlumata görə, partlayışlardan ikisi Buşehr və ona yaxın yerləşən Çoğadək şəhəri yaxınlığında, üçü isə Konarakda baş verib.

Qətərin “Əl-Cəzirə” telekanalına danışan adı açıqlanmayan ABŞ rəsmisi isə son bir neçə saat ərzində ABŞ Silahlı Qüvvələrinin İran ərazisinə heç bir zərbə endirmədiyini bildirib.