BAKI, 9 iyul. TELEQRAF

1926-cı ildə Türkiyə prezidenti Mustafa Kamal Atatürkün və nazirlər kabinetinin imzası ilə iki türk alim Bakıya göndərilir. Onlardan biri vaxtilə Bakıda fəaliyyət göstərmiş, Azərbaycan ictimai-siyasi fikrində önəmli rol oynamış Əli bəy Hüseynzadə idi. Digər alim də azərbaycanlılara yad deyildi. Bir çox mühacir soydaşımızın həyatında rol oynamış, türkologiyanın ulu memarlarından Fuad Köprülü idi.

Fuad bəy 4 dekabr 1890-cı ildə İstanbulda doğulub. Orta məktəbi Ayasofya Mərkəz Rüşdiyyəsində, liseyi isə Mərcan edadisində oxuyub. İlk yazısı 1905-ci ildə 15 yaşında liseydə şagird olarkən “Musavver Terakki” jurnalında dərc olunub. 1907-1909-cu illər arasında Məktəb-i Hüquqda təhsilini davam etdirib, lakin yarımçıq buraxıb.

Fars, ərəb, fransız dillərini bilən Köprülü 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra çox gənc yaşda ölkənin fikir həyatına qədəm qoyub. 1908-ci ilin dekabr ayında yaradılan Türk Dərnəyi və 1911-ci ilin avqustunda fəaliyyətə başlayan Türk Yurdu Cəmiyyətinin, eləcə də Türk Ocağının üzvləri arasında yer alıb. Bu dövrdə onun milli və vətənpərvər ruhlu şeirləri, ədəbiyyat, sosiologiya və tənqid yazıları “Mehâsin”, “Servet-i Fünûn” jurnallarında və “Tanin” qəzetində müntəzəm olaraq dərc edilməyə başlanılıb.

Türkologiyanın ali kürsüsündə

Fuad Köprülü 1910–1913-cü illər arasında Mərcan, Kabataş, Qalatasaray və İstanbul liseylərində türk dili və ədəbiyyatı müəllimi olaraq çalışıb. İlk elmi yazısı 1913-cü ildə “Bilgi” jurnalında “Türk ədəbiyyatı tarixində üsul” adı ilə dərc olunan məqaləsidir.

Fuad bəy 20 dekabr 1913-cü il tarixində İstanbul Darülfünununun Türk Ədəbiyyatı Tarixi müdərrisliyinə təyin edilib.

Köprülüyə beynəlxalq aləmdə şöhrət qazandıran böyük monoqrafiyası 1918-ci ildə yazılıb, 1919-cu ildə işıq üzü görən “Türk ədəbiyyatında ilk mütəsəvviflər” adlı əsəri olub.

O, 1923-cü ildə Ədəbiyyat Fakültəsi dekanlığına seçilib. 1924-cü ildə isə Qazi Mustafa Kamalın istəyi ilə Maarif Vəkaləti müstəşarlığına gətirilib. Həmin ilin sonlarında Nazirlər Şurasının qərarı ilə yaradılan Türkiyat İnstitutunun müdirliyinə təyin edilib. 1925-ci ildə Rusiya Elmlər Akademiyasının iki yüz illik yubileyi mərasimində Türkiyə adından iştirak edib. V. Bartold, Kraçkovski və Oldenburq kimi rus alimlərinin ortaq təklifləri ilə Sovet Elmlər Akademiyasının müxbir üzvlüyünə seçilib.

Bakıya doğru

14 fevral 1926-cı ildə Fuad Köprülü və Əli bəy Hüseynzadəyə Türkoloji Qurultayda iştirak etmək üçün icazə verilib. Atatürkün və nazirlər kabinetinin imzaladığı qərara əsasən onlara gündəlik 5 ingilis lirəsi ezamiyyət pulu, həmçinin siyasi pasport verilib.

Bakıya çatan alimlərin fotoşəkilləri və ilk təəssüratları “Yeni yol” qəzetində əks olunub. Fuad bəy Bakıdakı inkişafa heyran qaldığını bildirib: “Buraya hələ keçən gəlişimdə Azərbaycanda həyatın hər sahəsində mədəni tərəqqi məni maraqlandırırdı. Mən Azərbaycan xalqının mədəniyyətə doğru bu gedişində, istər maarif, istər nəfis sənətlər sahəsində əldə edilən tərəqqiyə heyran qalmışdım”.

Əli bəy Hüseynzadə isə azərbaycanlı olduğunu qeyd edib: “Mən əslən azərbaycanlıyam; burada anadan olub, çox zaman da burada yaşamışam. On beş ildən bəridir ki, buraya gəlməmişdim; indi isə inqilabdan sonra birinci dəfədir ki, vətəni ziyarət edirəm. Buraya gəldiyimə çox azdır; fəqət şura quruluşu haqqında təəssüratımı söyləməkdən ötrü Odessadan Bakıya gələrkən lazımi qədər şeylər gördüm. Təbii, mən düşmən mətbuatının yalanlarına inanmırdım; fəqət həqiqət gözlədiyimdən artıq çıxdı. Bura torpağında hər yerində bir canlılıq görünür”.

Görünür, Əli bəy Bakıya gəlişini nəzərdə tutub. Çünki 1918-ci ilin iyun ayında o, Gəncəyə gəlmiş və təəssüratlarını “Hilali-əhmər” qəzetində qələmə almışdı.

“Yeni yol” Fuad Köprülünün məruzəsi haqqında da məlumat verib: “Professor qurultay üçün “Türk dillərinin ədəbi ləhcələrinin təkamülü” və “Türk ədəbiyyatı tarixində metodologiya” haqqında iki məruzə hazırlamışdır. Türkologiya sahəsində bu qurultay birinci olmaqla böyük elmi əhəmiyyətə malikdir; belə ki, türkologiyada bu vaxta qədər səthi baxılmış məsələlər elmi dona salınacaqdır. Türkiyədə bir elm olmaq üzrə türkologiya ilə son zamanlarda çalışırlar, bu həvəs gündən-günə artmaqdadır. İstanbul Darülfünununda türkologiya bir neçə kursa malikdir; keçənlərdə tədris məqsədilə deyil, elmi məqsədlə bir Türkologiya İnstitutu təşkil olunmuşdur. İstanbul Darülfünununda türkologiyanı öyrənmək üçün olan həvəs haqqında verilən suala professor cavab olaraq demişdir ki: “İndi ki halda bölmələrdə 150 tələbə çalışır; bununla özünüz türkologiyanın nə dərəcədə müntəşir olub və olacağını göstərə bilərsiniz””.

“Yeni yol” Köprülünün təsvirini də verib, məruzəsi haqqında xülasə də oxuculara çatdırıb.

Xalid Səid Xocayevin xatirəsi

Repressiya qurbanı olan görkəmli türkoloq Xalid Səid Xocayev “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı əsərində Bakıda Fuad Köprülü və Əli bəylə görüşündən bəhs edib, onların latın əlifbasına keçidə bağlı düşüncələrini tarixə həkk edib. Onun suallarına Fuad bəy bu şəkildə cavab verib:
“Türkiyənin bu günkü vəziyyəti hamımıza məlumdur; məğlubiyyətlə nəticələnən ağır və uzun müharibələrdən çıxdıq, iqtisadi vəziyyətimiz bizi məmnun edə biləcək bir halda deyil, bilxassə böyük bir inqilab həyatı yaşayırıq, zehnimiz hələ daha mühüm məsələlər ilə məşğuldur. Bununla bərabər, elmi müəssisələrimiz Azərbaycan tərəfindən ortaya atılan yeni əlifba məsələsinə də biganə deyillər. Bu yaxınlarda Maarif Nəzarəti tərəfindən xüsusi bir komissiya təşkil edildi. Bu komissiya imla və hürufatı tədqiq ilə məşğul olur, hələ qəti bir fikir və qərara gəlməmişdir. Zənn edirəm, bu tədqiqat yenə bir neçə ay davam edəcəkdir. Ancaq bunu da ərz edərdim ki, yeni əlifbanın əleyhinə rəy vermək üçün əlimizdə bir əsas yoxdur, lehinə rəy vermək üçün də — təəssüf — hələ hazırlığımız olmadığından hökumət tərəfindən də bu xüsusda əlimizdə bir təlimat yoxdur”.

Özünün şəxsi düşüncəsinə gəldikdə isə Köprülü fikrini bu şəkildə bildirib: “Əsas etibarilə mənim fikrim yeni əlifbanın lehinədir, ancaq ümumi vəziyyətimizlə hesablaşmaq məcburiyyətindəyəm... Bu günkü texnika da yeni əlifbaya keçməyi tələb edir. Ərz etdiyim kimi buna bizim iqtisadi şəraitimiz hələ müsait deyil. Bu xüsusda çalışmaqda olan komissiyanın lazım görərsə, bizim də keçməmiz ehtimaldan uzaq deyildir; ancaq hələ rəsmi, qəti bir şey deyə bilmərəm”.
Fuad bəyin bu açıqlamarı onu göstərir ki, Türkiyə qurultayın gedişatına uyğun qərar verəcəkdi. Nəticədə Azərbaycandan sonra Türkiyə də latın qrafikalı yeni əlifbaya keçdi.

Onu da qeyd edək ki, Türkoloji Qurultayın günümüzə çatan səssiz videosunda Fuad Köprülünün sevincli, pozitiv halını görə bilirik.

Azərbaycanlıların nəzərində Fuad Köprülü

Yuxarıda qeyd etdik ki, bir çox azərbaycanlının həyatında Fuad Köprülünün xüsusi yeri olub. Mühacir professor Əhməd Cəfəroğlu türkologiyanı seçməsində Fuad bəyin rolunun olduğunu bildirib: “Fuad Köprülünü 1920-ci ildə tanıdım. Tam 30 yaşında idi. Kiçik hekayəçilik və qəzetçilikdən müstəqil Azərbaycan Cümhuriyyətinin İstanbul səfirliyinə yüksələn dostum Miryusif Vəzirlinin vasitəsilə evinə ziyarətə getdim. Ali təhsilimi harada və hansı sahədə almalı olmağımla bağlı fikrini soruşdum. Ədəbiyyat Fakültəsinə girməyimi istədi. Ustadın bu tövsiyəsi üzərinə Rza Tofiq, Əli bəy Hüseynzadə və Hüseyin Danişin Əsgəri-Tibbiyyəyə girmə təklifləri puç oldu”.

Köprülü Azərbaycanın görkəmli alimi Əmin Abidin İstanbul Universitetindəki elmi rəhbəri olub.

1939-cu il il martın 4-də İstanbul Universitetində Fuad Köprülünün tədrisat həyatının 25-ci ildönümü münasibətilə konfrans keçirilib. Tədbiri Əli Nihad Tarlan açıb, geniş nitq söyləyib. Tədbirdə Ömər Lütfi, Ritter (ərəb və fars dili professoru), Ziyaəddin Fahri kimi müəllimlərlə yanaşı azərbaycanlı Sürəyya Odoğlu (Talıbxanbəyli) da çıxış edib. Sürəyya xanım çıxışında bunları bildirib: “Mən sizdən ayrı olduğu halda sizə candan bağlı olan azərbaycanlıyam. Böyük ustadı ilk dəfə olaraq orada gördüm. Oraya gəldiyi vaxt evlərdə, cəmiyyətlərdə, məktəblərdə hər kəs Köprülüdən bəhs edərək onu dinləmək üçün can atırdı. Hələ universitet tələbələrinin sevincini demirəm. Sinəmiz iftixarla dolurdu. Əcnəbi dostlarımıza onun yüksək məziyyətlərindən bəhs edirdik. Azəri türklüyü o günləri heç zaman unutmadı və unutmayacaqdır da”.

Azərbaycan Cümhuriyyətinin Tehran səfiri Adil xan Ziyadxan da bu münasibətlə Köprülüyə məktub göndərib. Adil xan İstanbul Universitetində çalışdığı üçün Köprülü ilə yaxın münasibət qura bilib: “Möhtərəm professor Fuad Köprülü bəyə səmimi təbriklərimi təqdim edir, yüksək məqamınıza ehtiramla ərz edirəm. Müqəddəs Türk elm səmasını zinətləndirən və işığını yad millətlərin mədəniyyət üfüqlərinə qədər yayan parlaq ulduzunuz daim parlasın! Elm və ədəbiyyat məhəbbəti ilə qurulan o sarsılmaz Köprü davamlı olsun; Türk gəncliyi karvan-karvan onun üzərindən keçərək irfan səadətinə yetişsin!”

Elm kürsüsündən siyasət meydanına
1935-ci ildə keçirilən aralıq seçkilərdə Fuad bəy Qarsdan millət vəkili seçilib. 1939-cu ildə isə Sorbonn Universiteti tərəfindən ona fəxri doktorluq adı verilib. 1946-cı ilin iyulunda keçirilən parlament seçkilərində Demokrat Partiyasının siyahısından İstanbul millət vəkili seçilib.

1948-ci ildə Sovet İttifaqının Rusiyanın Qars və Ərdahanı tələb etməsi fonunda Rusiya və kommunizm haqqında yazdığı məqalələrə görə Sovet Elmlər Akademiyasının üzvlüyündən çıxarılıb.

Köprülü Cəlal Bayar, Adnan Menderes və Refik Koraltan ilə birlikdə Demokrat Partiyasını qurub. Demokrat Partiyası 14 may 1950-ci il seçkilərində qalib gəlib hakimiyyətə gəldikdə xarici işlər naziri olub. 1952-ci ildə Türkiyənin Şimali Atlantika Alyansına (NATO) daxil olmasını təmin edib.
Demokrat Partiyası hökumətinin daxili siyasətdəki bəzi qərarlarını bəyənmədiyi üçün 1956-cı ildə xarici işlər naziri vəzifəsindən istefa verib. 1957-ci ildə isə Demokrat Partiyasından ayrılaraq siyasi fəaliyyətdən uzaqlaşıb. 1958–1959-cu tədris ilində Harvard Universitetinin dəvəti ilə bu universitetdə elmi araşdırmalar aparıb.

4 fəxri doktorluq, 8 müxbir yaxud fəxri üzvlük adı olan, eləcə də 6 ilə yaxın davam edən siyasi fəaliyyəti dövründə başda Fransa, Almaniya, Argentina və Yuqoslaviya olmaqla müxtəlif ölkələrdən 8 orden və medal alan ordinaris professor Fuad Köprülü 28 iyun 1966-cı il tarixində vəfat edib...
Qeyd: Ötən həftə Türkoloji Qurultayın yüzüncü ildönümü ilə bağlı Bakıda keçirilən tədbirlərdə vaxtilə Fuad Köprülünün kürsüsündə xidmət etmiş tanınmış türk alimi Osman Fikri Sertkaya Atatürkün Fuad Köprülünü hansı məqsədlə Bakıya göndərdiyinə dair heç kimin bilmədiyi faktlar açıqladı. Həmin tədbirdən çəkdiyimiz videonu təqdim edirik: