BAKI, 10 iyul. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə Prezident Tamaş Şuyoka dəstək məqsədilə kütləvi etiraz aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, aksiya müxalifət partiyalarının təşəbbüsü ilə dövlət başçısının Budapeştdəki Şandor sarayının qarşısında təşkil olunub.

Etirazçılar Prezident Şuyoka dəstək nümayiş etdirərək Baş nazir Peter Macarın hökuməti tərəfindən parlamentə təqdim edilən Konstitusiyaya 17-ci düzəliş layihəsinə qarşı şüarlar səsləndiriblər. Layihədə hazırkı prezidentin vəzifədən uzaqlaşdırılması da daxil olmaqla bir sıra konstitusiya dəyişiklikləri nəzərdə tutulur.

Aksiya iştirakçılarının plakatlarında “Avtoritarizmə yox”, “Bu qədər bəsdir” kimi şüarlar yer alıb.

Mitinqdə çıxış edən Macarıstanın sabiq prezidenti Yanoş Ader Peter Macar və onun rəhbərlik etdiyi “Tisa” Partiyasının addımlarını konstitusiyaya zidd adlandırıb. O, fəaliyyətdə olan prezidentin vəzifədən uzaqlaşdırılmasının hüquqi dövlət prinsiplərinə zərbə vuracağını bildirib.

Qeyd edək ki, Peter Macar hökuməti iyulun 4-də Konstitusiyaya 17-ci düzəliş layihəsini parlamentə təqdim edib. Baş nazir bu dəyişikliklərin prezident institutuna inamın bərpasına və demokratik idarəçiliyin gücləndirilməsinə xidmət edəcəyini bildirib.