BAKI, 1 may. TELEQRAF

Bu gün Bakıda keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forum çərçivəsində panel sessiyalar təşkil edilib.

Teleqraf xəbər verir ki, "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" adlı panel sessiyada süni intellekt, sosial mediadan istifadə, onların təsiri, uşaqların onlardan istifadəsi və s. ilə bağlı məsələlər müzakirə edilib.

Panel sessiyada Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova çıxış ediblər.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında bildirib ki, ölkədə 4500-dək məktəb fəaliyyət göstərir, onlardan 90%-dən çoxunun internet təchizatı var.

"Artıq məktəblərin kompüter, intetnet təchizatı artırılıb. Rəqəmsal savadlılıq olmalıdır", - o vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov isə bildirib ki, Azərbaycan dilində uşaqlar üçün kifayət qədər onlayn resurs yoxdur:

"Digər qurumlarla birgə internet resursları ilə mübarizə aparmalıdır. Bəzi ölkələrdə sosial şəbəkələrə müəyyən məhdudiyyətlər tətbiq edilir. Uşaqlar üçün Azərbaycan dilində yaradılan süni intellekt məhsulu yoxdur. Rəqəmsal həyatda Azərbaycan dilində məhsulların yaradılması və xidmətlərin əlçatan olması vacibdir", - o vurğulayıb.

E. Səfərovun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkədə ümumilikdə 11 dövlət qurumu işləyir:

"Mövcud risklərin qarşısını tək bir qurumun alması mümkün deyil. Bu sahədə kompleks və əlaqələndirilmiş mübarizə aparılmalıdır. Ölkədə yetkinlik yaşına çatmamış şəxslərin elektron xidmətlərdən istifadəyə çıxışı və bu mühitdə təhlükəsizliyi hələ tam təmin olunmayıb. Media nümayəndələri uşaqların zərərli kontentdən qorunmasına mühüm töhfə verməlidirlər. Xəbər başlıqlarında və cinayət faktlarının təqdimatında cinsiyyət amilinin vurğulanması məqsədəuyğun deyil. Təəssüf ki, bəzi media qurumları yetkinlik yaşına çatmayan şəxslərin ad, soyad və digər şəxsi məlumatlarını açıqlayırlar, reklam kimi təqdim edirlər.
Xüsusilə qohum nikahları, erkən nikah və intihar halları ilə bağlı məlumatların sensasiya və ya reklam xarakterli təqdimatı yolverilməzdir. Bu gün ailənin, qadının və uşağın hüquqlarının qorunması strateji əhəmiyyət daşıyır".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova çıxışında deyib ki, rəqəmsal dünyada uşaqlar üçün müəyyən risklər mövcuddur və valideynlər buna diqqət etməlidirlər.

"Valideynlər uşaqlarını sosial mediada rahatlıqla paylaşırlar. Bəlkə də, o uşaq böyüyəndə bundan narazı olacaq, istəməyəcək. Sosial mediada paylaşılan məlumatları silsəniz də qalır. Yəni hər kəsin məlumatları sızdırıla bilir. Sadəcə bəzilərinin bundan xəbəri olmur", - o vurğulayıb.

"Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" adlı panel sessiyada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev, Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin
müdiri
Səbinə Seyidova, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi çıxış ediblər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev çıxışında bildirib ki, süni intellektlə gücləndirilmiş modern fişinq hücumları əvvəlki kimi sadələşdirilmiş deyil. Artıq bu çox çətindir. Ənənəvi fişinq hücumlarında klikləmə sayı 12% idisə, süni intellektlə gücləndirilmiş fişinq hücumlarında bu say təxmini 50%-dir", - o vurğulayıb.

Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri
Səbinə Seyidova isə deyib ki, sosial şəbəkələrin yaranmasından sonra ənənəvi mediaya münasibət dəyişib:

"Artıq mediaya sadəcə jurnalistika mərkəzi kimi deyil, həm də biznes kimi yanaşma da mövcuddur. Media nümayəndələri artıq süni intellektlə çox işləyirlər. Media və süni intellektin istifadəsində risklər mövcuddur".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov bildirib ki, artıq dünya süni intellektdən necə qorunmağın yollarını axtarır.

Onun sözlərinə görə, müəssisələrin 43%-i süni intellektdən istifadə edir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi çıxışında süni intellektin iqtisadiyyata təsirindən bəhs edib.

Sonda iştirakçıların sualları cavablandırılıb və Forum başa çatıb.