BAKI, 7 mart. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.
Artan geosiyasi gərginliklər və beynəlxalq təhlükəsizlik mühitində TDT çərçivəsində həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
17:07
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müzakirələr İranın Azərbaycana qarşı dron hücumları da daxil olmaqla, mövcud regional təhlükəsizlik vəziyyəti ətrafında aparılıb.
Türk Dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsinin və praktik əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
