BAKI, 14 aprel. TELEQRAF
2020-ci il müharibəsinin başa çatmasından bu günə qədər ümumilikdə 422 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda aprelin 14-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının tank əleyhinə minaya düşərək həlak olduğu bildirilir.
Nazirlik faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib:
“Baş verən bu hadisə mina təhlükəsinin davam edən insan itkilərinə səbəb olmasının və işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi naminə çalışan mütəxəssislərin hər gün üzləşdiyi risklərin bariz nümunəsidir. 2020-ci il müharibəsinin başa çatmasından bu günə qədər ümumilikdə 422 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub”.
Azərbaycan XİN kompleks minatəmizləmə səylərinin gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasının təxirəsalınmaz ehtiyac olduğunu bir daha vurğulayıb.