BAKI, 5 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 53 ünvanında yerləşən “Xətai-25 MMC” yaşayış kompleksində “Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi işinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi olub.
Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada “hadisə yerinə” çataraq, sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Təlimə ümumilikdə 20 nəfərdən ibarət şəxsi heyət və 4 ədəd texnika cəlb olunub.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.