BAKI, 12 iyul. TELEQRAF
ABŞ və İran arasında gərginliyin yenidən artması dünya neft bazarında qiymətlərin kəskin bahalaşmasına səbəb ola bilər. Ekspertlər neftin bir barelinin qiymətinin 90 dollara yüksələ biləcəyini istisna etmirlər.
Teleqraf xəbər verir ki, bu barədə "Fortune" jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, son günlər neftin qiyməti 70 dollardan aşağı düşsə də, enerji bazarları yeni dalğalanma mərhələsinə hazırlaşır. Buna səbəb ABŞ ilə İran arasında hərbi gərginliyin yenidən kəskinləşməsidir.
Bildirilir ki, həftənin əvvəlində bazarlar Hörmüz boğazı vasitəsilə neft tədarükünün sabitləşəcəyi gözləntisi ilə qiymətlərin enəcəyini proqnozlaşdırırdı. Lakin ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bəyan etməsi və tərəflər arasında yeni qarşılıqlı zərbələrin başlaması qlobal neft tədarükü ilə bağlı narahatlığı artırıb.
"Raymond James" investisiya şirkətinin enerji bölməsinin rəhbəri Marşall Adkins bildirib ki, bazarlar vəziyyətin normallaşacağını düşünsə də, o, İranı uzun illərdir izlədiyini və bunun baş verəcəyinə inanmadığını deyib.
"Fortune" qeyd edir ki, belə ssenari baş verərsə, neftin qiymətinin 90 dollara qədər yüksəlməsi Donald Tramp administrasiyası üçün ciddi iqtisadi problemlər yarada bilər.