BAKI, 23 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti səlahiyyətləri çərçivəsində Bakı şəhərinin Səbail və Nizami rayonları da daxil olmaqla ölkənin bir sıra şəhər və rayonlarında yanğın və texniki təhlükəsizlik sahəsində müayinələr keçirilib.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğın Nəzarət Xidmətinin şöbə rəisi Əlibala Əlizadə deyib.

Onun sözlərinə görə, müayinələr nəticəsində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozuntuları faktları aşkar edilib:

"Gördüyünüz kimi, propan qaz balonlarından istifadə aşkarlanıb, həmin balonlar sakinlərə, vətəndaşlara xəbərdarlıq olunaraq ətrafa çıxarılıb. Qeyd edək ki, belə balonların istifadəsi çoxmərtəbəli yaşayış binalarının altında yerləşən iaşə obyektlərində qanunla qadağan olunur. Belə hallara yol verən şəxslər barəsində inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulur".

Onu da qeyd edək ki, əgər yanğın və ya partlayış hadisələri baş verərsə, bu tələblər cinayət məsuliyyətinə gətirib çıxara bilir.