BAKI, 11 dekabr. TELEQRAF

Dekabrın 10-da Fövqəladə Hallar Nazirliyi (FHN), SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (ASİA) təşkilatçılığı, Marsol Group-un tərəfdaşlığı ilə “Dönüm nöqtəsi” konsept mesajı altında III “Sənaye Təhlükəsizliyi Zirvəsi” baş tutub.

Teleqraf xəbər verir ki, “Dönüş nöqtəsi” konseptinə əsasən keçirilən zirvə sənaye təhlükəsizliyi, innovasiyalar və beynəlxalq təcrübələrin müzakirəsi üçün önəmli platforma kimi çıxış edib. Tədbir çərçivəsində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi, risklərin azaldılması və yeni texnologiyaların sənayedə tətbiqi kimi mövzular diqqət mərkəzində olub.

Zirvə zamanı FHN, SOCAR və ASİA arasında sənayedə təhlükəsizlik və əməyin mühafizəsi sahəsində üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb. Sənəd bu istiqamətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib.

300-dən çox ekspert və rəhbərin iştirak etdiyi tədbirdə Marsol Group-un nümayəndə heyəti də yer alıb. Zirvə “Qırmızı xətt” paneli və “Safe Talks” sessiyaları ilə davam edib və “HSE Awards” mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Marsol Group sənaye təhlükəsizliyi mədəniyyətinin inkişafına dəstək verməkdən məmnunluq duyduğunu, bu cür təşəbbüslərin iş dünyasında daha dayanıqlı və təhlükəsiz mühitin formalaşmasına töhfə verdiyinə inanır.