BAKI, 25 aprel. TELEQRAF

Çin Tayvana silah satışı və "rəsmi Taybeylə" əməkdaşlıq etdikləri əsası ilə Avropanın yeddi qurumuna qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Siyahıya daxil edilən Almaniyanın "Hensoldt AG", Belçikanın "FN Browning" və Çexiyanın "Excalibur Army" kimi qurumlarına ikili təyinatlı məhsulların göndərilməsi dərhal dayandırılıb. Sözügedən reyestrdəki yeddi subyektdən dördü məhz Çexiyada fəaliyyət göstərir.

Məhdudiyyətlər həm mülki, həm də hərbi sahədə istifadə edilən texnologiyaları, proqram təminatlarını və dron istehsalı üçün vacib olan nadir torpaq elementlərini əhatə edir. Pekin ixracatçılara xəbərdarlıq edib ki, qeyd olunan tərəfdaşlara Çin mənşəli malların hər hansı formada ötürülməsi qəti qadağandır.

Çin Ticarət Nazirliyi bu addımın Avropa İttifaqı ilə normal iqtisadi əlaqələrə xələl gətirməyəcəyini, dürüst iş adamlarının narahatlığına heç bir əsas olmadığını vurğulayıb.