BAKI, 11 dekabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Şəhər, Abşeron və Xızı Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirlərdə FHN Sumqayıt Regional Mərkəzinin, sözügedən icra hakimiyyətlərinin, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq şəhər və rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.