BAKI, 20 may. TELEQRAF
Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin Korrupsiya ilə Mübarizə üzrə GLOBE Şəbəkəsinin Altıncı Plenar Sessiyasının Bakıda açılış mərasimində çıxışı zamanı deyib.
Baş prokuror BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin GLOBE Şəbəkəsinin Altıncı Plenar Sessiyasında səmimi qəlbdən salamlayıb:
"Hər bir iştirakçının ölkəmizdə görməkdən böyük məmnunluq duyuram. Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etdib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub.
Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olmub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk".
Baş prokuror qeyd edib ki, dünya miqyasında sərhəd tanımayan korrupsiyaya qarşı mübarizə birgə, əlaqəli və qətiyyətli yanaşma tələb edən mürəkkəb, lakin zəruri bir çağırış olaraq qalır. Bu günkü plenar sessiya bu qlobal iradənin təzahürüdür:
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir. Möhtərəm cənab Prezidentin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsası qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir. Ölkə rəhbərliyinin siyasi iradəsi, konkret hədəfləri və prinsipial mövqeyi bu sahədə əldə etdiyimiz nəticələrin əsas təməlini təşkil edir.
Eyni zamanda, ölkəmizdə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” modeli - vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir. 12-ci əsrdə yaşayıb yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvi “Şərəfnamə” əsərində demişdir: “Dünyanı namusla olur saxlamaq, onunla ucalır dövlət və bayraq".
Bu dərin və müdrik fikrin işığında anlayırıq ki, korrupsiya təkcə qanunun pozulması deyil. O, cəmiyyətin ruhuna, insanın inamına, gələcək nəsillərin ümidlərinə zərbədir. Məhz buna görə də bu günkü plenar sessiyanın əhəmiyyəti ölçülməzdir. Biz birgə səylərlə daha şəffaf, daha dürüst və sabaha inamla baxan bir dünya qurmağa çalışırıq. Gələcək nəsillərə ədalətli cəmiyyət və aydın sabahlar miras qoymaq üçün bu mübarizədə bir addım da irəli getməliyik.
Sessiyanın işinə uğurlar arzulayıram. Ümidvaram ki, Bakının gözəlliyi, xalqımızın qonaqpərvərliyi və Azərbaycan mədəniyyətinin zənginliyindən həzz alacaqsınız".