BAKI, 14 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin təşəbbüsü və Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə Xocahəsən qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Aksiya “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub.
Aksiyada torpaq-iqlim şəraitinə uyğun seçilmiş ağac növləri əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib. Ümumilikdə 300 ədəd müxtəlif növ ağac və mövsümi güllər əkilib.