TÜRKİYƏ, 12 may. TELEQRAF
II Yazı
Ötən yazımızda II Dünya müharibəsində almanlara əsir düşmüş, daha sonra Türkiyəyə köçmüş Səfdər Bakılı adlı azərbaycanlının həyat hekayəsindən bəzi franqmentləri vermiş, məktubunu dərc etmişdik. Bu məqalədə yenə onun xatirələrindən və oğlu ilə görüşümüzdən bəhs edəcəyik.
Səfdər Bakılı 3 dekabr 2010-cu ildə Manisanın Karaköy məhəlləsindəki Türk Ocağında qonaq olub, başına gələn bəzi xatirələri danışıb. O, uzun illərdən sonra da Azərbaycan İrtibat Heyətinin rəhbəri, Azərbaycan Milli Birlik Məclisinin sədri, ruslar tərəfindən öldürülən Əbdürrəhman Fətəlibəyli Düdənginskini xatırlayırdı: “Azərbaycanlılar da sünnətli olduqları üçün yəhudi hesab edilərək boşu-boşuna bir çoxu öldürüldü. Sonradan anlaşıldı. Fətəlibəy (söhbətdə iştirak edənlər yanlışlıqla “Fətəli Axundov” deyə reaksiya verirlər) Hitlerin yanında idi, bizi təmsil edən o idi. Biz yaxşı-pis nə gün gördüksə, onun sayəsində idi. Bir dəfə Fətəlibəyli zəng etdi, məndə də qulaqlıq vardı, dinləyirdik. Ələkbərli deyə dağıstanlı ən böyük rütbəli rəhbərimiz vardı. Fətəlibəyli Ələkbərli ilə əlaqə qurmağımı istədi. Ona dedi ki, sizə əmr gələcək, əsgərlər Vyana cəbhəsinə göndəriləcək, nə edirsiniz edin İsveçrə tərəfə keçin”.
Təəssüf ki, onunla bağlı çəkilən video çox qısa olub. Amma həmin görüşdə iştirak edən Naci Yengin adlı jurnalist görüşlə bağlı Manisa mətbuatında bir məqalə qələmə alıb, Səfdər bəyin danışdığı bəzi xatirələri qeyd edib: “Atamın simasını xatırlamıram. Çox kiçik idim. Amma atımızı xatırlayıram. Atam evə qayıtdığında məni qucağına alıb atın tərkinə mindirərdi... Bir dəfə atam evdə yox idi, sovet məmurları gəldi, zorla evimizə girdilər. Sandıqları talan etdilər. Ancaq aça bilmədilər. Ona görə də atlara yükləyib aparmaq istədilər. Ancaq atam kimdənsə eşidib evə yetişdi və sandıqları verməyəcəyini söylədi. Atamı çölə çıxartdılar, anam bizi içəri apardı. Həyətdə sovet məmurları ilə atamın yüksək səslə danışdıqlarını eşidirdik. Atamı zorla aparmaq istədilər, amma o dirəndi. Hadisəni görən gənc kəndlilərdən biri gəlib atamı xilas etdi. Amma daha sonra atamı xilas edən gənci alıb apardılar, ondan heç xəbər almadıq. Eşitdik ki, güllələyiblər. Atamı qurtarmasına görə həyatını itirən o insanın igidliyi, atama yardım etməsi heç bir zaman gözlərimin önündən getmədi. Bir də atamın əllərini açmaq üçün tüfəngin qundağı ilə əzə-əzə qırmalarını heç unutmuram”.
Səfdər bəy müharibədən sonra İsveçrə və İtaliyada yaşayıb, 1948-ci ildə Türkiyəyə gələrək Manisa şəhərinə yerləşib. İlk vaxtlar çətinlik çəkib, müxtəlif işlərdə çalışıb. Daha sonra Manisa valisi Əlirza Çevik ona dəstək olub, dövlət işində çalışıb.
.jpg)
27 il, 7 ay, 3 gün sonra Vətəndə
Müharibə əsirlərinin bəziləri SSRİ-də mülayimləşmə dövründə Azərbaycana səfər edə biliblər. Bəziləri bir çox əzizlərinin öldüyünə şahid olub, bəziləri Vətəndəki ailəsinə, övladlarına qovuşublar. Bəziləri isə sadəcə məktublar vasitəsilə bir-birindən xəbər tutublar. Bir çox mühacirin həyat hekayəsinə bələd olduğum halda Səfdər bəyin yaşadıqları bizi daha çox qəhərləndirdi. Xatirəsini oxuyaq: “Mənə təsir edən ən mühüm hadisə, əlbəttə ki, anamdan ayrılmağımın 27-ci ilində - 27 il, 7 ay, 3 gün sonra Bakıya gedib anamın əllərini öpmək oldu. 19 avqust 1969-cu ildə Bakıda anamın evində idim... Anamın bir əhdi varmış. Oğlu geri qayıtdığında, onu təkrar gördüyündə qədəmlərindən öpəcəkmiş. Anam evin önündə məni görüncə anladım ki, ayaqlarıma sarılacaq, ancaq izn vermədim, mən onun əllərinə sarıldım, ağladım, ağlaşdıq... Azərbaycanda övladını itirən, geri qayıtmayan oğulları üçün yanıma gəlib mənə sarılırdılar. Mən onların gözündə bütün Azərbaycanı təmsil edən bir qəhrəmandım. Halbuki özümü elə görmürdüm. Kaş ki bu gözyaşlarına şahid olacağıma oralarda min dəfə öləydim deyə düşünürdüm. Ancaq canı almayan Allah almır. Baxın qarşınızdayam, hələ də yaşayıram”.
Səfdər bəy 13 sentyabr 2017-ci ildə Manisada vəfat edib, Kırtık məzarlığında dəfn edilib. Lütfiyə xanımla evlənən Səfdər bəyin Əhməd, Nihad və Haşim adında üç övladı var. Lütfiyə xanım 20 dekabr 2013-cü ildə vəfat edib. Bizim Manisada görüşdüyümüz şəxs Səfdər bəyin oğlu Əhməd Bakılı idi.
“Mənə alman əsir düşərgələrini xatırladır”
Əhməd Bakılı atasının dörd dil bildiyini deyir: “Atam dörd dil bilirdi. Türk dili ilə yanaşı almanca, rusca, italyanca. Bizə öyrətmədi, təəssüf ki. Atam 1927-ci ildə Bakıda doğulub. Yol Su Elektrik işlərində mühasibə şefi idi. 1970-ci illər idi. Atamın subay olan bir müəllim dostu var idi. Atama dedi ki, “Səfdər, mən Bakıya gedirəm, kim var, kim yox, bir öyrənim, sənin də ailəni axtararam”. Atam o vaxta qədər heç bir məlumat öyrənə bilməmişdi. Həmin müəllim getdi, ay yarım sonra gəldi. Dedi ki, anan, bacıların sağdır”.
Əhməd bəyin qəhərdən səsi qısılır, qısaca “həyatdır” deyirəm. Bu yerdə qovluqdakı ailə şəkillərini göstərir, Manisaya gələn qohumları ilə bizi tanış edir. Fotoların arasında atasının yaxın qədərdaşı olduğu bir şəxsi göstərir: Nuri İsmayıllı.
Bu şəxsi mən tanıyırdım. Çünki İstanbulda Qapalıçarşıda oğlu ilə tanış olmuşdum. Həsən və Nuri adlı iki dost müharibədən sonra birlikdə İsveçrəyə gediblər, orada zərgərlik öyrəniblər, Türkiyəyə gəldikdən sonra da bu işlə məşğul olublar. Hazırda hər ikisinin övladı atalarının sənətini davam etdirirlər.
Əhməd bəy atasının əsir düşməsindən bu şəkildə bəhs edir: “Atamı gənc ikən müharibəyə aparıblar. Almanlarla ilk vuruşmada əsir düşüb. Almanlar əsirləri günlərlə ac-susuz aparıblar. Atamın ayaqları şişib, yoldaşı ayaqqabısını kəsərək ona kömək edib. Yerdən bir kartof tapan atam dörd gün onu yeyərək həyatda qalıb. Atam yaralanmışdı, onu bir rus zabit xilas edir. Bizim bu evin arxasında kazarma vardı, simlərlə örtülü idi. Atam bəzən dəqiqələrlə gözünü oraya dikib baxardı, səbəbini soruşduğumda deyərdi ki, mənə alman əsir düşərgələrini xatırladır, ora da bu şəkildə qorunurdu. Atam deyirdi ki, “sabah almanlar gəlirdi, ölən və ölməkdə olanları götürüb bir yerə atırdılar. Həmin vaxt yerindən qalxa bilən, sağ qalırdı. Yay-qış bir köynəyimiz vardı, qolumuzdakı bitləri yarışdırırdıq. Həmin zabit məni sağaltdı, bu dəfə isə almanlar bizi öz əsgərləri etdilər, ruslara qarşı savaşdıq, Krıma qədər gəldik”. Atam savaşdan sonra İsveçrəyə gedir, orada ayaqqabı fabrikində çalışırlar. Nuri əmim orada evlənir. Sonra 1948-ci ildə Türkiyəyə gəlirlər, atam Manisaya getməyi seçir. Dövlət buradan ona ərazi, ev verir. Qaçqın məhəlləsi vardı o zamanlar, evimiz oradaydı. Atam bir müddət həbsxanada mühafizəçi işləyib, fəhləlik edib. Daha sonra dövlət məmuru olaraq çalışıb. Atamın üç lideri vardı. Hər kəlməsi Atatürk, İnönü, Ecevit idi. Atam səbəbini belə izah edirdi ki, insana insan kimi dəyər verən, öz cibini düşünməyən şəxsiyyətlərdi”.

“Bu məktub mənə gəlib”
Əhməd bəy yarım qalan söhbətinə davam edir: “Atam anasının sağ olduğunu öyrəndikdən sonra Bakıya məktub yazır. Bir müddət sonra Azərbaycandan İzmirə məktub gəlir. Polislər məktubla birgə Manisaya gəlir. O zaman stansiyada faytonçu tatar vardı, fikirləşiblər ki, bu məktubu ancaq o oxuya bilər. Məktubu ona göstərirlər, deyir ki, bu mənim dilimdə deyil, bunu bilsə, Səfdər Bakılı bilər. Polisləri faytona mindirib atamın iş yerinə gətirirlər. Mən də orada idim. Faytonçu dedi ki, “Səfdər, bir məktub gəlib, onu tərcümə etsənə”. Atam baxdı və dedi ki, “bu məktub mənə gəlib. Mənə güvənirsinizsə, oxuyum, güvənmirsinizsə, başqa birini tapıb oxudun. Polislər deyir ki, sizə güvənirik. Atam məktubu oxuyur, deyir ki, mən ailəmi soruşmuşdum, bununla bağlı cavab gəlib ki, kimlər sağdır, nə edirlər. Həmin polislər atama təklif edirlər ki, bizdə tərcüman olaraq çalış, atam istəmir. Məktubdan sonra atam Bakıya getmək üçün müraciət edir və gedə bilir. O zaman anası, qardaşı, bacısı sağ idi. Atam hotelə yerləşir, evə getməsinə icazə vermirlər. Ailənin də hotelə gəlməsinə. Deyirlər ki, sən gündüz gəzməyə çıxacaqsan, o şəkildə görüşəcəksən. Amma daha sonra polis icazə verir, atam evlərinə gedir, sonra da gizlicə şəkil də çəkdirirlər”.
Yenidən atasının anası ilə görüş anının necə olduğunu soruşuram, “onu danışmağa gücüm yoxdur” deyir. Bizə atası ilə anasının Bakı ziyarətində çəkilmiş fotoşəkillərini göstərir. Bakıdakı qohumları ilə əlaqələrinin qaldığını deyir: “Atam ümumilikdə Bakıya dörd dəfə getdi...”
Əhməd bəylə sağollaşırıq, xatirə fotoşəkilləri çəkdiririk.
Səfdər bəyin həyatı yüzlərlə azərbaycanlı kimi qürbətdə keçdi. Amma o xoşbəxt idi ki, ölmədən öncə ailəsinin yanına gələ bildi, Azərbaycanın yenidən müstəqilliyini gördü...

.jpg)