XOCALI, 1 may. TELEQRAF
"Əsgərən-Xocalı yolu üzərində aşkarlanan kütləvi məzarlıqdakı insan qalıqlarının çoxunun qadınlara aid olduğu ehtimal edilir".
Teleqraf xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı işgəncələrlə qətlə yetirilib:
"Onlar qətlə yetirildikdən sonra kütləvi şəkildə burada dəfn olunublar. Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxlaq təşkilatların vasitəsi ilə Ermənistana sorğular göndərib. Bu insanların taleyi ilə bağlı faktları Ermənistan tərəfi gizlətməyə davam edib".
Eldar Səmədovun sözlərinə görə, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri aşkar görünür: "Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən aydın görünür ki, bu qalıqlar mülki şəxslərə aiddir. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Qazıntı prosesi davam edir. Ola bilsin, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın".