XOCALI, 1 may. TELEQRAF
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşən vətəndaşların sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov məlumat verib.
O bildirib ki, mayın 1-i tarixinə əsasən Dövlət Komissiyası tərəfindən 3990 nəfər vətəndaş itkin düşən şəxs kimi qeydiyyata alınıb.
"Son aparılan axtarış-qazıntı işləri nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı məsələlərə özünəməxsus yanaşma nümayiş etdirib. Onların uydurma fikirlərinə görə, mülki əhali Xocalını tərk edəndə onlara dəhliz verilib. Lakin bu gün Xocalıda yol kənarında aşkarlanan yeni kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söhbət gedə bilməz. Mülki əhali burada qətlə yetirilib, kütləvi şəkildə dəfn edilib.
Bu fakt göstərir ki, insanlar nəinki girov götürülüb, onlar beynəlxalq hüquq normalarına zidd olaraq işgəncələrlə qətlə yetirilib".