BAKI, 21 aprel. TELEQRAF
Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, 83 nəfərdən ibarət 21 ailə doğma yurduna qovuşub.
Açarların təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır.Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.Ailələr açarları təhvil alıb və artıq öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb.
***
Aprelin 21-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu mərhələdə köçürülən 141 nəfərdən ibarət 34 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 mindən çox insan yaşayır.
***
07:27
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.
Teleqraf xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb.
Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə – 141 nəfər, Ballıca kəndinə isə 21 ailə – 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.