
BAKI, 18 aprel. TELEQRAF
Daxili İşlər Naziriliyi, Elm və Təhsil Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyası plastik cərrahiyyə ilə məşğul olan həkimlərin sertifikasiyası (lisenziyası) yoxlanılır və həmin komissiyanın qərarı ilə bir sıra plastik cərrahların lisenziyası ləğv edilib.
Bu barədə Teleqraf-a danışan vəkil Asim Abbasov bildirib ki, Daxili İşlər Naziriliyinin, Elm və Təhsil Nazirliyinin və Baş Prokurorluğun nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini ləğv etmək kimi bir səlahiyyətinin olması qanunvercilikdə nəzərdə tutulmayıb.
"Xüsusi Təftiş Komissiyasının qərarı ilə lisenziyası ləğv edilmiş həkimlərin həmin qərarı inzbati qaydada məhkəmədə mübahisələndirmək hüququ var. Qanunvericilik yaranmış mübahisəyə məhkəmə tərəfindən baxılıb yekun qərar qəbul edilənədək həkimlərin öz əmək fəaliyyətini davam etdirməsinə icazə verir. Qanunvericiliyə görə həkimlərin məhkəmə mübahisəsinin gedişində öz fəaliyyətlərini davam etdirmək, yəni işləmək hüququ var. Həkimlərin belə bir hüquqlarının olması qanunvericlikdə nəzərdə tutulmuş müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyətinə uyğundur", - Asim Abbasov söyləyib.
Vəkil əlavə edib ki, lisenziyasının ləğv edilməsi barədə Xüsusi Təftiş Komissiyasının qərarını inzibati qaydada mübahisələndirmiş həkim eyni zamanda Xüsusi Təftiş Komissiyasının qərarının icrasının dayandırılması, yəni öz əmək fəaliyyətinə davam etməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.