
BAKI, 18 aprel. TELEQRAF
"Onu İmişlidə naməlum əsgər kimi dəfn etmişdilər"
Teleqraf xəbər verir ki, bu sözləri bu gün Suraxanıda torpağa tapşırılmış itkin şəhid Mübariz Hüseynovun qardaşı Kamandar Hüseynov deyib.
Mübariz Hüseynovun qardaşı Kamandar Hüseynov nəşin tapılmasına görə dövlət orqanlarına minnətdarlığını bildirib: "Qardaşım 1993-cü ildə itkin düşmüşdü. 32 ildir onu axtarırdıq. Dövlətimiz sağ olsun ki, gözümüzü yoldan çəkdi. Mübarizlə sonuncu dəfə 1993-ci ilin sentyabrında danışmışdıq, oktyabrda itkin düşdü. Onu İmişlidə naməlum əsgər kimi dəfn etmişdilər. Müvafiq qurumlar DNT anallizi ilə müəyyən etdilər ki, həmin məzarda dəfn olunan mənim qardaşımdır. Bizə keçən həftənin cümə günü məlumat verdilər"
Kamandar Hüseynovun həyat yoldaşı Pərvanə Hüseynova şəhidlə bağlı xatirələrini bölüşüb: "Mübariz şəhid olanda subay idi, amma istədiyi qız vardı. Mübariz mülayim xarakterli, vətənpərvər bir gənc idi. Mübariz Hüseynovun valideynləri dünyadan nigaran köçdülər. Onlar itkin düşmüş övladlarından daim xəbər gözləyirdilər".
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mübariz Hüseynov Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mübariz Hüseynov 1970-ci ildə Ermənistanın Loru nahiyəsi (Kalinino rayonu) Qızıl Şəfəq kəndində doğulub.