MİNGƏÇEVİR, 18 aprel. TELEQRAF

1993-cü ilin yazında Ermənistan silahlı qüvvələrinin Kəlbəcərə hücumu zamanı Başlıbel kəndində baş verənlər, müasir Azərbaycan tarixinin ən qanlı və unudulmaz faciələrindən biri kimi yadda qalıb. 62 kənd sakininin qayalıqlarda və kahalarda 113 gün davam edən mühasirəsi dəhşətli itkilərlə nəticələndi. Bu qanlı hadisələrin canlı şahidlərindən biri olan Habil Ələsgərovun xatirələri düşmən qəddarlığının və insan iradəsinin ən sərt sınağını ortaya qoyur.

“Kahada olan hərbiçiyə yalvardım ki, ailəmizi güllələ, təki ermənilərə əsir düşməyək…” - bu sözləri 1993-cü il aprelin 1-dən etibarən 113 gün ərzində qayalıqlarda və kahalarda gizlənərək sağ qalmağa çalışan Başlıbel sakini Habil Ələsgərov Teleqraf-ın yerli bürosuna danışıb.

Onun sözlərinə görə, kəndə ermənilərin yaxınlaşdığı xəbəri gələn kimi insanlar panikaya düşərək müxtəlif vasitələrlə kənddən çıxmağa çalışıblar. Ancaq az sonra qaçanlar geri dönüb bildiriblər ki, Laçın artıq işğal olunub və nəqliyyat tuneli mühasirəyə düşüb. Beləcə, 62 nəfər Başlıbel sakini üçün kahalarda və qayalıqlarda 113 günlük dəhşətli bir mühasirə başlayıb.

İşıq və rabitə imkanları olmayan bu mühasirə dövründə Laçın mühasirəsindən çıxan 9 hərbiçi və bir neçə mülki şəxs də onlara qoşulub. Əvvəlcə erməni kəşfiyyatçıları kənddə müşahidələr aparıb, daha sonra silahlı dəstələrlə və yük maşınları ilə gələn ermənilər kənddə qalan insanları işgəncə ilə qətlə yetirib, evləri talan edib, tarixi abidələri və əşyaları aparıblar.

Habil Ələsgərov o günləri belə xatırlayır: "Bir müəllim evindən çıxmamışdı. Onu köz üzərində qızdırılmış dəmir parçasını gözlərinə soxaraq öldürdülər. 80 yaşlı, hasa ilə gəzən əlil qocanı isə klubda diri-diri yandırdılar".

Bu qəddarlığın hədəfi qadınlar və uşaqlar da olub: "7 yaşlı qız uşağını anasının qucağında güllələdilər. 5 yaşlı oğlan uşağını təpiklə vurub ora-bura çırpdılar. 14 nəfər əsir götürüldü. 12 nəfər - qadın, uşaq və ahıllar isə sadəcə cansız əşya kimi güllələnərək qətlə yetirildi".

Psixoloji terror da vəhşiliklərlə yanaşı aparılıb: "Ayaqlarımızın altına və ətrafımıza avtomatla atəş açır, bizi dəfələrlə psixoloji cəhətdən öldürürdülər".

113 günlük mühasirə dövründə Başlıbel sakinləri gündəlik həyatlarını qayalıqlarda və kahalarda gizlənərək davam etdirməyə çalışıblar. Gecələr həyətlərdəki gizli quyulardan az miqdarda qida tapıb gətirərək aclıqla mübarizə aparıblar.

Aprelin 18-i isə faciənin pik nöqtəsi oldu. Mağaralara gözyaşardıcı qazlar atılıb, çölə çıxanlar isə vəhşicəsinə öldürülüb. Habil Ələsgərovun anası da həmin günlərdə mağaradakılara çörək bişirərkən güllələnib.

Qumbara hücumu zamanı Zərdabın Qaravəllilər kəndindən olan hərbiçi Vüqar Abdullayev, özünü qumbaranın üstünə ataraq şəhid olub və mağarada olanları xilas edib. Bir müddət sonra rayonun Zar kəndindən daha 30 nəfər Başlıbel sakinlərinə qoşulub. Ölənlər oldu, əsir götürüldülər, sağ qalanlar isə pərən-pərən düşdü.

Habil Ələsgərov aprelin 25-də pərən düşən kəndliləri bir araya gətirməyi bacardığını, 16 yaşında olmasına baxmayaraq, 6 nəfəri əsirlikdən xilas etdiyini deyir:
"İçəridəki əsgərə yalvardım ki, ailəmlə birgə bizi güllələ, əsir düşməyək. Sonda qərara gəldim – qaçaq, ya öləcəyik, ya da möcüzə baş verəcək. Qatı duman sayəsində sağ-salamat qaçıb gizlənə bildik".

Faciənin canlı şahidi olan Habil Ələsgərov sonda bildirib ki, 62 nəfərlə başladığı mühasirədən cəmi 29 nəfərlə salamat çıxmağı bacarıblar. Amma ən çox təəssüf etdiyi hadisə isə 93 yaşlı babası Ələsgər Kazımovun sözləri olub: "Mən doğma yurdumu tərk etməyəcəyəm. Siz gedin, mən burda ya ölərəm, ya da qalaraq bu torpaqda yaşayaram".