
BAKI, 14 aprel. TELEQRAF
Aprelin 12-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda 31 dövlət qurumundan 62 nəfər iştirak edərək mübarizə aparıb.
Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, qadınlar arasında keçirilən yarışda FHN-in İdman-sağlamlıq klubunun şahmat üzrə məşqçi müəllimi Aynur Abbasova 7 turun nəticəsinə əsasən yarışı ikinci yerdə tamamlayaraq gümüş medala layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medalla təltif olunublar.