BAKI, 15 aprel. TELEQRAF

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyədək, şərq rayonlarında isə səhərədək davam edəcək.

Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.