
BAKI, 15 aprel. TELEQRAF
Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb. Buna səbəb bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda Qabil Məmmədov haqqında səsləndirdiyi fikirlər olub.
Bunu Teleqraf-a açıqlamasında sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib.
Onun sözlərinə görə, hazırda atasının durumu orta-ağırdır və o, özəl xəstəxanaya yerləşdirilib.
"Atam o videoya görə dövlət xəstəxanasından çıxarıldı. Videodan sonra xəstəxananın baş həkimi atama yaxınlaşıb video çəkdiyinə görə oradan çıxmalı olduğunu dedi. Bu səbəbdən atam hazırda Əhmədlidə yerləşən Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib, günü 250 manata müalicə alır. Əməliyyat üçün əlavə 10 min manat pul lazımdır. Əməliyyatdan sonra isə yeriyə bilməsi 50 faiz ehtimaldır. Hazırda 4-5 min manat pul yığılıb. 90-100 min manat pul yığılması isə şayiədir. Allah şahiddir", - deyə o əlavə edib.
Sabunçu Tibb Mərkəzindən Teleqraf-a bildirilib ki, sözügedən pasiyentin stasionar müalicə müddəti yekunlaşdığı üçün o, evə buraxılıb.
TƏBİB-dən isə Teleqraf-a Anar Nəcəfovun öz istəyilə tibb müəssisəsindən buraxıldığı bildirilmişdi.
Qeyd edək ki, aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edən “Bolt” şirkətinin sürücüsü Anar Nəcəfov kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıblar.